“Qeyri müəyyənlik zəiflikdir!” – Ukraynanın öləziyən NATO ümidi və Qərb liderlərinin riyakarlığı…
Qərbi Ukrayna dövlətinin və xalqının taleyindən, itkilərindən daha çox Rusiya ilə gələcək bazarlıq şərtləri maraqlandırır
“Ukraynanın (NATO-ya) nə dəvəti, nə də üzvlüyü vaxtının müəyyən edilməməsi görünməmiş absurddur…Belə görünür ki, (Qərb liderlərinin) Ukraynanı NATO-ya dəvət və üzv etmək hazırlığı yoxdur…Qeyri-müəyyənlik zəiflikdir!”
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs Sammitindən öncə öz sosial şəbəkə səhifəsində yazıb. Elə çıxışında da Ukrayna başçısı Qərbin qərarsızlığına işarə vurub.
Görünən odur ki, çoxdan gözlənilən bu sammitdə Ukraynanın lehinə müəyyən qərarlar verilsə də, rəsmi Kiyevin gözləntiləri bundan daha artıq olub. Doğrudur, sammitdə Ukraynanın alyansa qəbul mərhələlərinin birindən azad edilməsi onun NATO-ya doğru yolunu qısaldır və asanlaşdırır. Lakin Zelenskinin də dediyi kimi, konkret tarixin göstərilməməsi Ukraynanın Qərbə olan onsuz da kövrək ümidlərini bir qədər də zəiflədir.
Zelenski deyib ki, bu qeyri-müəyyənlik Qərbin Rusiya ilə gələcək danışıqlarında Ukraynanın NATO üzvlüyü məsələsinin bazarlıq aləti kimi saxlanmasına xidmət edir. Bu isə Kremli Ukraynada terroru davam etdirməyə həvəsləndirir.
Ukrayna Prezidentinin bu mövqeyi kifayət qədər sərt və aydın olmaqla yanaşı, Qərb liderlərilə bağlı acı həqiqətləri də ortaya qoyur. Doğrudan da, görünən odur ki, Qərbi Ukrayna dövlətinin və xalqının taleyindən, itkilərindən və s. daha çox Rusiya ilə gələcək bazarlıq şərtləri maraqlandırır.
Əgər NATO-nun ABŞ, Almaniya, Fransa kimi aparıcı üzvləri Ukraynanın sürətli və az itkili qələbəsini istəsəydilər, Kiyevi çoxdan “damla-damla” yox, lazımi səviyyədə silahla təmin edərdilər və Rusiyanın sanksiyalardan yayınaraq hərbi sənayesini çalışdırmasına imkan verməzdilər. İmkan verməzdilər ki, Ukraynanın əks-hücumuna hazırlıq mərhələsi aylarla – təxminən 9 ay(!) davam etsin və bu zaman kəsiyində isə Rusiya işğal olunmuş ərazilərdə dərin istehkamlar və sonsuz mina sahələri yaratsın.
Deməli, belə nəticə çıxır ki, Qərb özü Ukraynanın birmənalı və sürətli qələbəsində maraqlı deyil. Bunu isə Ukraynada daha çox anlamağa və açıq söyləməyə başlayırlar. Zelenskinin son dedikləri də buna işarədir.
Ümumiyyətlə, ən azı son il yarım ərzində baş verənlər Qərbin lider şəxsiyyət probleminin olduğunu və bunun çox dərinə işlədiyini göstərdi. Qərb liderləri müharibənin ilk günlərində əl-qolunu sallayıb Ukraynanın süqutunu, məğlubiyyətini gözləyərkən, Zelenskiyə qaçmağı təklif edərkən Kiyevə real dəstək duran nadir ölkələrdən biri Türkiyə oldu. İlk günlərdə məhz “Bayraktar”lar Rusiya hücumunun qarşısını almaqda həlledici rol oynadı. Qərb liderləri isə bu zaman hələ gözlərini döyərək, Rusiya qorxusu qarşısında əsirdilər…
Son günlər Qərb mətbuatında hətta müharibədən əvvəl Qərb liderlərilə Kreml arasında Ukraynaya hücum ilə bağlı gizli anlaşma olduğuna dair iddialar yer almaqdadır. Həmin iddialara görə bir növ Kreml bu hücumu Qərblə razılaşdırıbmış. Lakin bu anlaşmanı Ukrayna rəhbərliyi və xalqı pozub. Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç müharibənin ilk həftələrində bununla bağlı maraqlı bir ifadə işlətmişdi. O, yarı ironiya ilə demişdi ki, Ukraynanın 3 günə təslim edilməsilə bağlı dünya güclərinin planları olub, ancaq Sumı vilayətinin (Ukraynanın Rusiya hücumunu ilk üzərinə götürən vilayətlərdən biri) özünü müdafiə dəstələri həmin güclər kimi düşünmürdülər. Yəni, ukraynalıların iradəsi məlum planları pozdu.
İndi isə ukraynalılar Qərb liderlərinin riyakarlığını və ikiüzlülüyünü NATO üzvlüyü məsələsində bir daha görürlər.
Bu gün Rusiyanın Ukraynada törətdikləri və əvvəlcədən buna cəsarət etməsi böyük ölçüdə Qərbin lider şəxsiyyət problemindən irəli gəlir. Bu adamlar Priqojinin 3-5 min əsgərindən qorxub Moskvadan qaçan Putindən də qorxaqdırlar. Onlar Rusiya ilə nə edəcəklərini belə özləri üçün müəyyənləşdirə bilməyiblər. Onlar istəsəydilər, bu gün Ukraynanı bombalayan Rusiya raketlərinin biri də havaya qalxmazdı. Bunun üçün ən azından öz şirkətlərinin Rusiyaya həmin raketlər üçün mikroçiplər ötürməsinə imkan verməzdilər. Yəni, bunun qarşısını ala bilməyəcək qədərmi acizdirlər? Yaxud, niyə “F-16”-lar əks-hücumdan əvvəl verilmədi və nə vaxt veriləcəyi də bəlli deyil?
Bir sözlə, bu gün Qərb dünyasını heç bir ciddi qərar qəbul etmək qabiliyyəti olmayan cəsarətsiz və iradəsiz şəxslər idarə edir. Qərbin nə Çörçili, nə Ruzvelti, nə heç olmasa, sınıq-salxaq De Qolu, nə də Reyqanı və Tetçeri yoxdur. Bunlar olmayınca və bu riyakarlıq davam etdikcə isə nə beynəlxalq hüquq, nə stabillik, nə də əminamanlıq olacaq…/azpolitika.info