Putin “Vaqner”in qarşısına üç seçim qoydu – O ölkəyə göndərilə bilər

 

Yevgeni Priqojin və onun “Vaqner” qruplaşmasının bir qrup komandiri Kremldə qəbul edilmələrinə baxmayaraq muzdluların Rusiyada fəaliyyət imkanları məhdudlaşdırılıb. Kreml Priqojinin maliyyəsini və şirkətlərini nəzarət altına alıb. Kremlin dərdi yalnız Priqojin deyil, “Vaqner” muzdlularının sayı 25 minə yaxındır, onlarla nəsə etmək lazımdır.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri deyirlər ki, Kreml sahibi Vladimir Putin muzdlulara üç seçim verib: ya Müdafiə Nazirliyinin sıralarına qatılmalıdırlar, ya evlərinə dönməlidirlər, ya da Belarusda yerləşməlidirlər:

“Muzdlular üçün 4-cü seçim də var. “Vaqner”in bir hissəsinin Afrika qitəsinə qayıdışı da mümkündür. Priqojin Ukrayna müharibəsindən əvvəl bir neçə Afrika ölkəsinin lideri ilə müqavilə imzalamışdı. Bu müqavilələr çərçivəsində “Vaqner” həmin ölkələrdə silahlı qüvvələrə təlimlər keçib, müxalif qruplarla savaşlarda iştirak edib və zəngin yataqların qorunmasında iştirak ediblər. Bu fəaliyyətlər Priqojin və muzdululara yaxşı pul qazanmaq imkanı verib. Bu baxımdan, Priqojin bir qrup muzdlusu ilə Afrikaya qayıtmaq barədə düşünə bilər. Ancaq “Vaqner”in Afrikaya qayıdışı asan başa gəlməyəcək, əngəllər çoxdur.

Birincisi, Avropa İttifaqı Afrika ölkələrini inandırmağa çalışır ki, “Vaqner”lə əməkdaşlıqdan imtina etsinlər. Avropa İttifaqı qitə ölkələrinə maliyyə dəstəyi verir. Əgər Afrika ölkələri Avropa İttifaqının istəyini yerinə yetirməsələr, onlara ayrılan maliyyə dəstəyi azalacaq və başqa sanksiyalarla da üzləşə bilərlər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen “Vaqner”in Afrikadan uzaqlaşdırılmasının vacib olduğunu bildirib.

İkincisi, Vaşinqton da “Vaqner”in Afrikaya qaydışının qarşısını almağa çalışacaq. Dövlət Departametindən yayımlanan açıqlamada, “Vaqner”in tərksilah olunması və müxtəlif ölkələrdəki fəaliyyətinə son qoyulmasının vacibliyi deyilir. ABŞ Prqijon və “Vaqner”in digər üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ “Vaqner”lə əlaqəli olan Afrika şirkətlərinə qarşı da embarqolar qoyub. Həmin şirkətlər Afrika ölkələrindəki qızıl yataqlarının qorunması qarşılığında “Vaqner”ə pul ödəyirdilər”.

Təhlildə vurğulanır ki, Kremlin özü də “Vaqner”in Afrikaya qayıdışında maraqlı deyil:

 

“Kremldə ehtiyat edirlər ki, “Vaqner” Afrikada fəaliyyətini davam etdirsə, həm güclənər, həm də maliyyəsini artırar. Bu isə Priqojin və muzdlularının yenidən Rusiya hakimiyyətinə qarşı qiyama həvəsləndirə bilər. Ona görə də Kreml Afrika ölkələrinə məsləhət görür ki, “Vaqner”ə etibar etməsinlər.

Mərkəzi Afrika Respublikasının prezidentinin müşaviri “Financial Times”a müsahibəsində belə bir cümlə işlədib: “Əgər Moskva bizə “Vaqner” yox, “Bethoven” və ya “Motsart” göndərsə, onlarla da əməkdaşlıq etməyə hazırıq”.

ABŞ-ın “The Wall Street Journal” nəşri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininin bir müddət əvvəl Suriyaya səfərinə diqqəti çəkib. Rusiyalı diplomat Suriya lideri Bəşər Əsədə bildirib ki, “Vaqner” bundan sonra Suriyada müstəqil fəaliyyət göstərə bilməyəcək, Rusiya Müdafiə Nazirliyinin əmrələrini yerinə yetirəcək.

Bu arada, “Reuters” agentliyinin məlumatına görə, Priqojinin qiyamı səbəbindən bir qisim Çin şirkəti Rusiyaya məhsulların göndərilməsini dayandırıb. Xəbərdə göndərilməsi dayandırılan məhsullar arasında geyimin, avtomobil ehtiyat hissələrinin və texniki avadanlıqların çoxluq təşkil etdiyi yazılıb. Çinin Futzyan əyalətinin ticarət təşkilatının rəhbəri Şen Muxuey deyib ki, əksər şirkətlər gələcəkdə nələrin olacağından əmin olmadıqları üçün Rusiyaya məhsulların göndərilməsini bərpa etməyiblər. Buna baxmayaraq, Pekin Kremllə strateji tərəfdaşlığı davam etdirməkdən imtina etməyib. Halbuki Ukraynaya qarşı işğalçı müharibə Rusiyanı taqətdən salır, iqtisadiyyatı zəifləyir, inflyasiya artır. Bu isə gələcəkdə Çin-Rusiya iqtisadi münasibətlərinə də təsirsiz ötüşməyəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password