“Kritik razılaşmalar əldə olunub” – “Ərdoğan ilk dəfədir kimin tərəfində olduğunu göstərdi”

 

Dünən Ukrayna Prezidenti Volodimir Zelenski Avropaya səfər turnesi çərçivəsində Türkiyəyə rəsmi səfərə gəlib. Prezident Rəcəb Tayyib Ərdoğanla 2.5 saatlıq görüşdən sonra liderlər keçirdikləri mətbuat konfransında önəmli açıqlamalar verib.

Ərdoğan və Zelenki Ukraynanın NATO üzvlüyü, taxıl sazişinin davam etdirilməsi, əsirlərin mübadiləsi, habelə iki ölkə arasında təhlükəsizlik və müdafiə sektoru sahəsində əməkdaşlığın yeni perspektivləri barədə danışıblar.

Ukrayna-Türkiyə liderlərinin görüşünü şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu səfərin NATO-nun gələn həftə Vilnüs şəhərində keçiriləcək sammiti öncəsi olduqca mühüm əhəmiyyətə malik olduğunu bildirib.

“Dünən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenskinin birgə mətbuat konfransını diqqətlə dinlədikdən sonra bu qənaətim daha da möhkəmlənib”, – S.Əkbər qeyd edib.

Partiya sədri Türkiyə liderinin açıqlamalarını olduqca mühüm sayır və hesab edir ki, bu səfər Türkiyə-Rusiya münasibətlərində də bir dönüş nöqtəsi ola bilər: “Bu fikrə gəlməyin səbəbi Ərdoğanın 2.5 saat davam etmiş görüşdən sonra verdiyi bəyanatlardır. Tərəflər həm regional məsələləri, həm də Rusiya-Ukrayna müharibəsini, Türkiyə-Ukrayna münasibətlərini geniş şəkildə müzakirə etdilər”, – partiya sədri əlavə edib.

S.Əkbər Ərdoğan-Zelenski görüşündən sonra verilən bəyanatları belə təsnifləşdirib:

“Birincisi, Ərdoğan qeyd etdi ki, Rusiyanın Ukraynaya qarşı savaşa başlamasından sonra Türkiyə-Ukrayna arasında dostluq münasibətləri daha da güclənib.

İkincisi, Ərdoğan sabah 500-cü günü tamam olacaq müharibə zamanı Ukrayna xalqının öz ərazi bütövlüyünü, müstəqilliyini müdafiə etməsini xüsusi olaraq qeyd etdi və təqdir etdiyini vurğuladı.

Üçüncüsü, Ərdoğan bu savaşın beynəlxalq hüquqa zidd olan ədalətsiz bir savaş olduğuna görə onu rədd etdiklərini vurğuladı.

Dördüncüsü, Ərdoğan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha vurğuladı.

Beşincisi, Türkiyə Ukrayna ilə siyasi, iqtisadi, humanitar və texniki sahələrdə atdığı addımlarda həmrəylik göstərdiklərini bildirdi.

Altıncısı, fikrimcə, ən mühüm hesab etdiyim məqam Ərdoğanın “şübhəsiz ki, Ukrayna NATO üzvlüyünü haqq edir” bəyanatıdır. Bu, “üzv olmalıdır”, ifadəsindən daha qüvvətli ifadədir. Bu, o deməkdir ki, Ukrayna bu haqqı qazanıb, ona layiqdir, onun üçün əvəz ödəyib.

Şübhəsiz ki, Ukrayna Türkiyəni daha yaxşı anlayır. Məlumdur ki, Türkiyə Koreya savaşında qan, can verdikdən sonra NATO üzvlüyünə qəbul edilib. Hazırda Ukrayna da bu yolu keçir. Nəzərə almaq lazımdır ki, Rusiya Ukraynaya qarşı apardığı savaşı Kiyevin NATO-ya üzv olmaq niyyəti ilə əsaslandırırdı. İndi Türkiyə savaşın başlıca səbəbi olan məsələdə Ukraynanı dəstəkləyir.

Yeddincisi, Ərdoğan ədalətli sülh istədi. Aydın məsələdir ki, ədalətli sülh “Böyük yeddilər”in, Avropa Birliyinin, BMT-nin 140 ölkəsinin dəstəklədiyi Ukraynanın sülh formuludur. Zelenski Ukraynanın sülh formuluna Türkiyənin liderlik etməyə hazır olduğunu bəyan etmişdi. Bu məsələdə də anlaşma əldə olunub.

Səkkizinci, Krım türklərinin məsələsidir. Ərdoğan onların öz ölkələrinin azadlığı uğrunda apardıqları mübarizəni yüksək qiymətləndirdi. Ərdoğan Ukraynanın gələcəyinə inamla baxdıqlarını bildirdi və əsaslandırdı ki, Zelenski Krım türklərinin muxtariyyətinin daha da möhkələnməsini dəstəkləyir. Buna görə ona minnətdarlığını bildirdi.

Doqquzuncu, Zelenski gecə İstanbulda qalıb və bu gün Rum Batrolemasını ziyarət elədi. Zelenskinin təhlükəsizliyinin kəskin aktual olduğu bir vaxtda gecəni Türkiyədə keçirməsi artıq Türkiyəyə olan güvənin nə qədər yüksək olduğunu göstərir. Dolayısı ilə aparılan danışıqlarda kritik razılaşmaların əldə olduğunu ifadə edir”.

Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı

Sülhəddin Əkbər sonda qeyd edir ki, Türkiyənin NATO üzvü kimi Rusiya-Ukrayna müharibəsində mövqeyi bəlli idi. “Amma Ərdoğan ilk dəfədir açıq şəkildə Ukraynanın – haqqın, xeyirin, ədalətin tərəfində olduğunu göstərdi. Hesab edirəm ki, Zelenski-Ərdoğan görüşü Rusiya-Türkiyə münasibətlərində də bir dönüş nöqtəsi olacaq. Bu, Türkiyə Azərbaycan, Rusiya-Azərbaycan münasibətlərinə də təsir göstərəcək”, – partiya sədri vurğulayıb./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password