Azərbaycana qarşı batalyon qurulur: Hədəf təkcə Qarabağ deyil – Şok iddia
“Rusiya “sülhməramlılar”ının Laçın dəhlizindəki davranışı Moskvanın Azərbaycan siyasətində yeni çalardır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı açıqlaması da göstərir. Bütün bunlar bizim üçün yeni situasiya yaradır – təkcə “sülhməramlılar”ın olduğu Qarabağın dağlıq hissəsində deyil, həm də şimal sərhədlərimizdə…”.
Bunu açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib.
Ekspert Rusiya-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:
“Son zamanlarda Azərbaycanla Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Rusiyanın “sülhməramlıları” arasında bir gərginləşmə müşahidə olunur. Bu, ilk növbədə onunla əlaqəlidir ki, “sülhməramlılar” heç bir vəchlə oradakı erməni qanunsuz silahlı birləşmələrini tərksilah etmək istəmirlər. Əksinə, Xankəndidəki qondarma qurumu bir qədər də gücləndirməyə çalışırlar. Əlbəttə, bu da Azərbaycanın milli maraqları və təhlükəsizliyi üçün təhdiddir. Çünki biz artıq tarixdə belə bir “fəaliyyət”in nə ilə nəticələndiyini görmüşük. Azərbaycan da bunu yaxşı anlayaraq, müəyyən əks-addımlar atdı, bunlar da öz effektini göstərdi. Bir tərəfdən “sülhməramlılar”ın pozucu fəaliyyətləri ilə bağlı bəyanatlar verilməyə və Rusiyaya etirazlar göndərilməyə başlandı, paralel olaraq, Laçın dəhlizinin bağlanılması addım-addım aktuallaşdırıldı. Gördüyümüz kimi, hər iki tərəf hələlik “yumşaq güc”dən istifadə edir. Amma atışmalar da oldu ki, bunları da erməni separatçıları rus hərbçilərinin təhriki ilə etdilər.
Baş verənlər təkcə Azərbaycanı təhdid etmək və ya təzyiq deyil, həm də Azərbaycanın reaksiyasını yoxlamaqdır. Demək, qarşıda daha böyük və daha təhlükəli fəaliyyət durur. Nəhayət, son günlərdə Laçın yolu ətrafında baş verənlər, yəni rus hərbçilərinin oradakı Azərbaycan bayrağını götürmələri, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin bu yolla bağlı verdiyi bəyanat göstərdi ki, münasibətlər keyfiyyətcə yeni mərhələyə keçir. Əlbəttə, bu, daha gərgin mərhələdir.
Paralel olaraq, başqa bir hadisə də baş verdi. Rusiyadakı qiyam – əslində, mən bunu qiyamın anonsu hesab edirəm, qiyam irəlidədir – bu, Rusiyanın siyasi sistemində çatlar yaratdı. Bunlar dərin, parçalayıcı çatlardır, hələlik bunu üzdə görmürük. Təsadüfi deyil ki, qiyamdan bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putin Dağıstana səfər etdi, orada hansısa görüşlər keçirdi, bunun da adını “turizm məsələlərinin müzakirəsi” qoydular. Hərçənd həmin durumda turizm bəlkə də ən axırıncı yada düşəcək məsələydi. Ramzan Kadırovun ora gəlməsi və Putinlə görüşməsi – bunların hamısı bizim şimal sərhədlərimiz istiqamətində də təhdidlərin artmasını deməyə əsas verir. Bu ehtimal da əsassız deyil”.
Ərəstun Oruclu bildirib ki, Rusiyada Azərbaycana qarşı batalyon yaradılır:
“Aylar əvvəl məlum idi ki, Rusiya həmin qiyamı törədən “Vaqner”in tərkibində xüsusi bir Azərbaycan batalyonu da qurur və Şimali Qafqaz şəhərlərinin birindəki hərbi bazada həmin şəxslərə təlim keçirilir. Dünən “Vaqner”in tərkibində idilərsə, bu gün “Rosqvardiya”nın sərəncamına verə bilərlər. Eyni zamanda, “Rusiyaya aidiyyəti olmayan bir qurum” kimi də təqdim etmələri mümkündür. Hər bir halda həm Qarabağ, həm də şimal istiqamətində gərginləşmə gözləməliyik. Bu gərginləşmə də ondan qaynaqlanır ki, Rusiya Ukraynada istədiyinə nail ola bilmir, orada uğursuzluğu artıq qaçılmazdır. Üstəgəl, Rusiyaya beynəlxalq təzyiqlər artır, Ukraynanın silahlandırılması sürətlənir və genişlənir.
Digər yandan, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri təsadüfi deyil. Yəqin ki, Türkiyə seçkilərdən, yəni mövcud hakimiyyətin sabitliyi qorunub-saxlandıqdan sonra Cənubi Qafqaz istiqamətində daha ciddi addımlar atacaq. Ən azı Rusiya bunu gözləyir, buna qarşı da önləyici addımlar ata bilər. Bu mənada, təhlükəni hər iki tərəfdən – həm Qarabağ, həm də şimal istiqamətindən gözləməliyik. Qarabağda məsələ aydındır. Ruslar Qarabağda çalışacaqlar ki, erməni separatçıları və terrorçularının əlləri ilə elə bir “situasiya” yaratsınlar ki, sülhməramlılarla Azərbaycan hərbçiləri arasında toqquşma baş versin. Bundan sonra da “sülhməramlılar”ı qorumaq adı altında bölgəyə əlavə hərbi qüvvə göndərsinlər.
Eyni zamanda, istisna etmək olmaz ki, ya paralel olaraq, ya da bunun əvəzinə, şimaldan hansısa müdaxilə olsun. Buna görə də, Azərbaycan həm Qarabağda, həm də şimal sərhədləri boyu mövqelərini möhkəmləndirməlidir. Bunu dedikdə, sərhədlərin bağlı saxlanılmasını nəzərdə tutmuram, amma hərbi baxımdan orada iştirak artırılmalı, sərhəd zolağı boyu, məsələn, Türkiyə ilə birgə hansısa təlimlər keçirilməli və bütün mümkün müdafiə taktikasını işlənib hazırlanmalıdır.
Belə bir hadisə baş verəcəksə, bunun qarşısını hansısa danışıqlarla və ya diplomatik yollarla almaq mümkün olmayacaq. Bu durumda artıq silahlar işə düşür. Belə olan halda da, Azərbaycan öz sərhədlərini qorumalıdır”.
Politoloq Rusiyanın Xəzər dənizindəki hərbi fəaliyyətlərinə də toxunub:
“Başqa bir təhlükə mənbəyi isə Xəzərdir. Bilirsiniz ki, hazırda Rusiyanın Xəzərdəki hərbi gücü digər sahilyanı ölkələrdən üstündür. Rusiya son zamanlarda tez-tez Xəzərdən Ukraynaya gah ağır strateji bombardmançı təyyarələrdən, gah da gəmilərdən raketlər atır. Bu, həm də Azərbaycana müəyyən bir mesajdır. Bir sözlə, situasiya mürəkkəbdir. Situasiyanın mürəkkəbliyi geosiyasi vəziyyətin sürətlə dəyişməsi ilə diktə olunur.
Rusiyanın Suriyadakı mövqeləri zəifləyir. “Vaqner” Liviyada ciddi hücumlara məruz qaldı. Rusiyada da yaxşı anlayırlar ki, bu proseslərin hər ikisində Türkiyə də var. Eyni zamanda, Türkiyə hələlik zəif də olsa, həm də Cənubi Qafqazda təmsil olunur. İndi Rusiya üçün bunun qarşısını almaq lazımdır. Bu baxımdan, indi biz hərbi təxribat və bunun ardınca hərbi müdaxilə gözləməliyik. Əlbəttə, bu bir ehtimaldır. Amma indiki durumunda Rusiyadan hər addımı gözləmək olar. Bütün hallarda hər ehtimala hazır olmalıyıq”./teleeqraf.com