Üçüncü “Yüksəliş” müsabiqəsinin finalçıları bəlli oldu
İyulun 1-2-də baş tutan “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlandı. Yarımfinal mərhələsində iştirak edən 333 namizəddən 109 nəfəri final mərhələsində mübarizə aparmağa haqq qazanıb.
Bakı üzrə 73, regionlar üzrə 36 nəfər iştirakçı final mərhələsinə vəsiqə qazanıb. Onlardan 87 nəfəri kişi, 22 nəfəri isə qadındır. Qeyd edək ki, finalçılar arasında həm beynəlxalq, özəl və dövlət şirkətlərində, həmçinin QHT-də çalışan namizədlər yer alır. Finalçılardan 21-30 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Namizədlərdən 66 nəfəri ötən illərin “Yüksəliş” müsabiqəsi iştirakçılarıdır.
Yarımfinal ərzində iştirakçılara 8 keys təqdim olunur və onlar 2 gün ərzində 4 fərqli komandada yarışırlar. Bununla da hər bir namizəd, iki gün ərzində 4 ekspert tərəfindən qiymətləndirilmiş olur. Bu da öz növbəsində şəffaf qiymətləndirilmənin həyata keçirilməsinə imkan yaradır.
Qeyd edək ki, final mərhələsinə keçid balı 17 bal təyin olunub.
Müsabiqənin son mərhələsi olan final mərhələsində iştirakçılar 2 gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçıların 8 səriştəsi (strateji düşüncə, nəticələrə yönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq.
“Yüksəliş” müsabiqəsinin final mərhələsi 15-17 iyul tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq.
Qeyd edək ki, 17 fevral 2023-cü ildə qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 13474 iştirakçı müraciət edib. “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.