Kino Agentliyi film layihələri müsabiqəsi elan edib

 

Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi elan edib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Müsabiqə ilə əlaqədar iyulun 18-də təqdimat keçiriləcək.

Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi daşıyır.

Film layihələri üçün dövlət tərəfindən ayrılmış vəsaitin (5.5 milyon manat) müsabiqə yolu ilə bölüşdürülməsi təmin ediləcək. Müsabiqə ilə əlaqədar bədii şura yaradılıb, meyarlar və işçi mexanizmlər müəyyən olunub. Eyni zamanda dörd yeni təsisat – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, 2023-cü il köklü ənənələrə malik olan Azərbaycan kinematoqrafiyası üçün əlamətdardır. Bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaranmasının isə 100 illiyidir.

Azərbaycan Prezidentinin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin yaradılması, eləcə də bu sahənin mövcud vəziyyəti və inkişaf istiqamətlərinin müəyyən edilməsi, şəffaf və kollegial idarəçilik modelinin formalaşdırılması milli kinematoqrafiyaya sistemli yanaşmanın göstəricisidir. Yeni şəraitdə Nazirlik film istehsalında stimullaşdırıcı rol oynamaqla bərabər, yerli prodüser şirkətlərinin bu proseslərə aktiv şəkildə qoşulmasına çalışır.

Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən islahatların məqsədi şəffaf maliyyə mexanizmlərinin formalaşdırılması, yaradıcı biznes subyektlərinin dəstəklənməsi və ölkədə sağlam, rəqabətədavamlı mədəniyyət ekosisteminin yaradılmasıdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password