“Xərcləri azaldın…” – Azərbaycan Beynəlxalq Hesablaşmalar Bankının çağırışına qoşulacaq?

 

Beynəlxalq Hesablaşmalar Bankı (BIS – Bank for International Settlements) milli hökumətləri dövlət xərclərini azaltmağa və vergiləri artırmağa çağırıb. Məqsəd inflyasiyanı cilovlamaqdır. Maraqlıdır, bu çağırışa ölkəmiz də qoşula bilərmi? Mərkəzi Bank belə bir addım atarsa bu, Azərbaycanın maliyyə bazarına, iqtisadiyyata necə təsir göstərə bilər?

Məsələ ilə bağlı açıqlama verən bank eksperti Aslan Əzimzadə Hesablaşmalar Bankının çağırışını uğurlu hesab etmədiyini bildirib:

“Bu gün dünya iqtisadiyyatında dərinləşməkdə olan struktur böhran hər bir ölkənin milli iqtisadiyyatına təsir göstərir. Böhranın əsas səbəblərindən biri  tələb və təklif inflyasiyasının üst-üstə düşməsi nəticəsində yeni tip inflyasiyanın formalaşmasıdır. Bu gün müəyyən maliyyə institutları öz metodiki tövsiyələrində böhrandan çıxış yolları ilə bağlı istiqamətlər göstərirlər. Son dönəmlərdə ən çox müzakirə olunan istiqamətlərdən biri də məhz Beynəlxalq Hesablaşmalar Bankının tövsiyəsidir. Lakin təcrübə göstərir ki, artıq uzun illərdir böhran dönəmlərində həm sərt monetar (pul kredit), həm də sərt fiskal (büdcə vergi) siyasətin formalaşması inflyasiyanı və maliyyə böhranını daha da artırmağa meyilli olur”.

Mütəxəssis əlavə edir ki, böhranın qarşısı yumşaq siyasətlə daha yaxşı alına bilər:

“Büdcə xərclərinin azalması, vergilərin artırılması yox, daha çox yumşaq monetar və fiskal siyasət çərçivəsində hərəkət edilməlidir. Əks təqdirdə bu, böhranın qarşısını almayacaq, əksinə, daha da alovlandıracaq”.

İqtisadçı Eyyub Kərimli isə bildirib ki, hazırda vergilər gəlirlərimizə görə, yetərincə yüksəkdir:

“Hesab edirəm ki, Beynəlxalq Hesablaşmalar Bankının verdiyi tövsiyələr hər ölkənin özünəməxsusluğunu nəzərə almır. Bu ümumi bir yanaşmadır. Çünki beynəlxalq təcrübədən baxsaq, bizdə olan vergilər gəlirlərimizə görə yetərincə yüksəkdir. Bu baxımdan vergilərin artırılması arzuolunan hal deyil”.

Ekspert hazırda dövlət xərclərinin optimallaşması baxımından hökumət tərəfindən artıq uğurlu layihələrin həyata keçirildiyini vurğulayır:

“Satınalmaların şəffaflaşdırılması, idarəetmənin optimallaşdırılması, şirkətlərinin gəlirlə işləməsinin təmin edilməsində müəyyən işlərin aparılması, rentabelli olmayan dövlət müəssisələrin özəlləşdirilməyə açılması büdcə gəlirlərini artıra bilər. Yeni iş yerlərinin açılması vətəndaşların gəlirlərinin artmasına şərait yaradar. Digər tərəfdən, optimallaşma həm də özəl sektorun imkanlarını genişləndirə, bu sahədə çalışan insanların maddi rifahına və maaşların artmasına təbii yolla şərait yaradar”. /oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password