BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb
Bu gün BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb.
“BP-Azerbaijan” şirkətinə verdiyi məlumata görə, layihənin məqsədi bir sıra ali təhsil müəssisələrində layihələrin idarə edilməsi sahəsində səriştələri və bacarıqları daha da gücləndirmək idi.
BP bu layihəni eyni məqsədli bir təhsil proqramının davamı olaraq həyata keçirib. Belə ki, həmin proqram çərçivəsində BP və tərəfdaşları daha əvvəl 15 yerli universitetdə layihələrin idarə edilməsi komandalarının yaradılmasına və təliminə dəstək vermişdi.
Bu sonrakı layihənin məqsədi isə tələbələrə, həmçinin müəllim heyətinə təlim keçməklə universitetlərdə layihələrin idarə edilməsi potensialını əlavə resurslarla daha da gücləndirmək olub.
14 aylıq (noyabr 2021-ci il – yanvar 2023-cü il) bu layihə çərçivəsində aşağıdakı səkkiz ali təhsil müəssisəsini təmsil edən 95 tələbə və 123 heyət üzvünə təlimlər keçilib. Bunlar Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyasıdır.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Birini tərəfdaşlarımızla birlikdə dəstəklədiyimiz, digərini isə bp-nin özünün maliyyələşdirdiyi bu iki proqram yerli universitetlərin yerli təşkilatlarla və get-gedə daha çox sayda beynəlxalq tərəfdaşlarla həyata keçirdikləri layihələrin peşəkar şəkildə idarə edilməsi üçün lazım olan səriştə və bacarıqları yaratmaq və inkişaf etdirmək üçün nəzərdə tutulub. Çox məmnunuq ki, bu iki layihəmiz sayəsində yerli universitetlərin əksəriyyəti indi artıq öz layihələrini, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq fəaliyyətləri çərçivəsində bağlanan qrant müqavilələrini effektiv şəkildə idarə etmək üçün yaxşı bilik, müasir metod və mexanizmlər və ən əsası beynəlxalq və milli sertifikatlı mütəxəssislərlə təmin olunub.”
Layihədə iştirak edən tələbələrə 120 saatlıq təlimlər keçilib. Sonda ən yüksək bal toplayan 64 tələbəyə layihə menecerlərinin qiymətləndirilməsində dünya lideri olan Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası (IPMA) təşkilatının Səviyyə D sertifikatları təqdim olunub. Səviyyə D IPMA qiymətləndirilməsində dörd dərəcədən biridir. Təxminən 28 tələbə isə yerli Azərbaycan Layihə İdarəetmə Assosiasiyası (AzPMA) sertifikatlarına layiq görülüb.
Bundan əlavə, layihə çərçivəsində layihələrin idarə edilməsinə dair 52 saatlıq akademik tədris kursu hazırlanıb və bütün iştirakçı universitetləri təmsil edən 19 müəllim bu kursu öz universitetlərində effektiv şəkildə tədris etmək üçün təlimlər keçib.
Layihə çərçivəsində həmçinin səkkiz universitetin hamısına layihələrin idarə edilməsi ofislərini yaratmaqda kömək məqsədilə bu sahə üzrə mütəxəssis konsultasiyaları verilib.
Dəyəri 209 703 manat (123 355 ABŞ dolları) olan bu layihənin icraçısı AzPMA idi.