BMT-nin Baş katibi Azərbaycanın QH-dəki fəaliyyətini yüksək qiymətləndirib
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirirəm”.
Bu fikirlər BMT-nin Baş katibi Antonio Quterreşin Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün iştirakçılarına ünvanladığı müraciətində yer alıb. Müraciəti toplantıda iştirak edən BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya oxuyub.
A.Quterreş müraciətində qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların müzakirəsinə və həllinə töhfələr verib.
“Qoşulmama Hərəkatına uğurlu sədrlik etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm, təşkilatın prinsip və normalarının yerinə yetirilməsində ölkənin rolunu və fəaliyyətini yüksək qiymətləndirirəm”, – Baş katib vurğulayıb.
O, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəyə verdiyi töhfəni qeyd edib.
A.Quterreş əlavə edib ki, dünya münaqişələrdən, iqlim problemlərindən, qeyri-sabit iqtisadiyyatdan və bəşəriyyət üçün təhlükə yaradan digər problemlərdən əziyyət çəkir: “Qoşulmama Hərəkatının fəaliyyəti isə kataklizmlərə qarşı mübarizəyə töhfə verir”.