“Taxıl sazişi” təhlükədə: Azərbaycanı nə gözləyir?

 

“”Taxıl sazişi”nə hazırkı formada ehtiyac yoxdur və ona xitam verilməlidir”.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin “Rossiyskaya qazeta”ya yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, Rusiya “taxıl sazişi” olmadan da ərzaq ehtiyacı olan tərəfdaş ölkələrə kömək edə bilər.

Qeyd edək ki, BMT bu günlərdə iyulun 17-də uzadılması gözlənilən razılaşmanın tərəflərinin “bu həyati əhəmiyyətli razılaşmanın davam etməsi üçün üzərinə düşəni etməli olduqları” vurğulayıb. Lakin Rusiya tərəfi ötən ay da bu sazişdən çəkiləcəyini açıqlamışdı.

“Taxıl sazişi”nə xitam verildiyi təqdirdə, tərəfdaş ölkə olaraq bu proseslər Azərbaycana necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Rusiya “taxıl sazişi”ndən öz təsir dairəsini genişləndirmək üçün bir alət kimi istifadə edir:

“Yəni artıq 1 il 3 aydır ki, hər dəfə cəmi 2 və ya 3 aylıq saziş bağlanır. Hər dəfə bunun uzadılması zamanı Rusiya əlavə şərtlər irəli sürür və bu sazişdən istifadə etməyi düşünür. Digər tərəfdaş, bu sazişin iştirakçısı, zəmanət verən ölkələr, əsasən də qardaş Türkiyə artıq o da bu prosesdən yorulub.

Çünki hər dəfə danışıqlar olur, uzadılması ilə bağlı Rusiyanın bəzi tələbləri yerinə yetirilir. Görünən odur ki, qarşı tərəf də artıq bu sazişin uzadılmasında bir ciddi xeyir olacağını düşünmür. Çünki söhbət, Ukraynanın dənli bitkilərinin ixracatından gedirsə, bu il həmin ölkədə yaz əkini demək olar ki, olmadı.

Kifayət qədər məhsuldar torpaqların işğalda olması, yaxud döyüş gedən bölgələrdə olduğunu nəzərə alsaq, söhbət Zaporojye və Xerson vilayətlərindən gedir ki, ən böyük taxıl əkini sahələri orada idi. Yaz əkini olmayıbsa, indi taxılın satışı üçün əlində hazır məhsulu da yoxdur.

Ona görə də qarşılıqlı şəkildə Rusiyanın təhdidindən can qurtarmaq üçün ola bilər ki, saziş uzadılmasın. O ki qaldı Rusiyanın tərəfdaş ölkələrə taxıl satması, ötən il müəyyən məhdudiyyətlər qoyulmuşdu. Bu da Rusiya üçün müəyyən təhdid vasitəsi idi. Ancaq indi məhdudiyyətlər aradan qaldırılıb. Hətta Rusiya taxılının qiymətlərinə endirimlər də elan olunub.

Dünya bazarından 5 faiz daha ucuz satılır. Azərbaycan da bundan istifadə edir. Əgər ötən il Qazaxıstandan daha çox taxıl alırdıqsa, bu il əvvəlindən Rusiyadan yenidən taxıl alınması bərpa edilib. Bu anlaşma olmasa da Azərbaycan Rusiyadan taxıl ala biləcək. Çünki bu anlaşmanın Azərbaycana heç bir aidiyyəti yox idi. Söhbət Qara dəniz üzərindən taxıl alınmasından gedirdisə, Azərbaycan dəmir yolu vasitəsilə Stavropol, Rusiya ərazisindən taxıl alır”.

Ekspertin sözlərinə görə, beynəlxalq sanksiyalarda da Rusiyanın ərzaq məhsullarının alışına heç bir qadağa yoxdur:

“Hətta bu günə qədər də Avropa ölkələrində Rusiyanın həm kənd təsərrüfatı məhsulları, həm də gübrələrini hələ də alırlar. Ona görə də ciddi bir təsirin olacağını düşünmürəm.

Əgər bu anlaşma bitsə, dünyada taxılın qiymətinə təsir göstərə bilər. Ola bilər ki, bir az bahalaşsın. Bu da idxalçı ölkə kimi Azərbaycandakı qiymətlərə təsir göstərə bilər”./cebhe.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password