Qarabağ ermənilərinə bu sənəd veriləcək: Şəxsiyyət vəsiqəsi almaq üçün…
Politoloq Fərhad Mehdiyev suallarımızı cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Fərhad bəy, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 3 günlük görüşünün nəticələri ilə bağlı müsbət yanaşmalar yoxdur. ABŞ prosesdə irəliləyiş üçün görüşlərin davam edəcəyini açıqlayıb. Eyni zamanda Vaşinqton sülh məsələsi ilə bağlı öhdəlik götürdüyünü bildirib. Sizcə, Amerikanın bu istiqamətdə fəallığı nə dərəcədə effektiv olacaq?
– Burada vacib olan əsas məqam vasitəçiliklə bağlıdır. Çünki prosesdə vasitəçi olan tərəf öhdəlik götürə bilməz. Danışıqların prinsipləri könüllülük əsasında qurulur. Tərəflər burada könüllü şəkildə iştirak edir. Burada tərəflər vasitəçilikdən imtina etdiyi halda vasitəçi heç nə edə bilmir. Ona görə də, Vaşinqton görüşü ilə bağlı verilən açıqlama təktərəfli bir bəyanatdır. Əslində Amerika bu məsələdə öz mövqeyini, israrını və arzusunu ortaya qoyur. Bu da ABŞ-ın Cənubi Qafqazda ikitərəfli formada razılaşmanı istəməsi ilə bağlıdır. Eyni zamanda bu konnektura dəyişməyib. Çünki ABŞ-ın Azərbaycan və Ermənistana olan münasibəti daha çox Rusiya kontekstində üzə çıxır. Yəni, onlar bu iki ölkənin məsələsini həll etməklə Rusiyanın asılılığından qurtarmaq istəyir.
– ABŞ-ın bu bölgə və ölkələrlə bağlı israrlı mövqeyinin arxasında hansı amillər var?
– Hazırda ABŞ-ın Cənubi Qafqazdakı maraqlarının Rusiya qarşı müstəqilliklərini itirməmələri və ondan asılı olmamaları ilə bağlıdır. Ukraynadakı hadisələr ABŞ-ın bu marağını daha da gücləndirdi. Ümumiyyətlə ABŞ MDB dövlətləri ilə onların Rusiyaya qarşı müstəqilliklərini qorumaq xətti tutub. Ona görə də, ABŞ çox yaxşı başa düşür ki, Rusiyanın regiona müdaxilə etməsi üçün ən yaxşı imkan Qarabağ məsələsi üzərindəndir. Bu səbəbdən də ABŞ-ın regiona kənar müdaxiləyə imkan verməmək üçün Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlamağa çalışır. Çünki bu iki ölkə arasında sülh imzalandıqdan sonra Rusiyanın bu regiona təsir imkanları azalacaq.
– Rusiya və ABŞ-ın bölgə ilə baxışlarındakı fərq nədən ibarətdir?
– Rusiyadan fərqli olaraq ABŞ-dan bu regionla bağlı yekun fikir yoxdur. ABŞ-da güc mərkəzləri çoxdur. Burada Dövlət Departamentinin və Ştatın güc mərkəzləri var. Burada dövlətlə senatın fikirləri ayrı olar bilir. Belə olan halda ABŞ hökuməti istədiyi addımı ata bilmir. Yəni ABŞ Administrasiyası tək olsa idi ola bilsin çoxdan bu məsələni həll etmiş olardı. ABŞ monolit güc olmadığına görə, Cənubi Qafqazla bağlı konkret mövqe sərgiləmək olmur. Rusiya isə Cənubi Qafqazda qalmaq üçün bir çox məsələdən, o cümlədən Qarabağ ətrafındakı proseslərdən yararlanır.
– Erməni tərəfini sülh məsələsindən yayındıran başlıca amil nədir?
– Nikol Paşinyan hökumətinin özünün sülh sazişinə müəyyən yanaşması olmalıdır. Bu olduqdan sonra erməni lobbisinin gücü azalacaq. Bununla da revanşistlər bloklanmış olacaq. Eyni zamanda Ermənistanın özündə də birdən çox güc mərkəzləri var. Burada Rusiyaya bağlı güc mərkəzləri ilə yanaşı Qarabağ klanı, Daşnaksütyun və digər millətçilərin cəm olduğu qruplar mövcuddur. Ona görə də, Paşinyan üçün istədiyi hərəkəti etmək o qədər də rahat deyil. Paşinyan iqtidarı da bilir ki, Ermənistan əhalisinin azaldığı bir dövrdə, başqa əlavə problemlərə ehtiyacları yoxdur. Çünki erməni lobbisindən illik 2 milyard dollar vəsait gəlir. Bu vəsaitlər isə bir ölkənin ehtiyaclarını qarşılamaq çox çətindir. Ona görə də, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırıb prosesdən çıxmağa çalışır.
– Əsaslı sülh müqaviləsi Rusiyanın regionla bağlı siyasətinə necə təsir edə bilər?
– Busözsüz ki, Rusiyaya sərf etmir. Çünki bu cür sülh müqaviləsi ilə Rusiya regionda qala bilmir. Sözsüz ki, bütün bunlar məhz ABŞ-ın, Bayden Administrasiyasının qarşısında olan əngəllərdir. Fransa, Rusiya və Ermənistanda olan mövqelər burada başlıca amil kimi önə çıxır. Çünki Fransa da Ermənistandakı revanşistləri dəstəkləyir. Revanşistlər üçün də bu ümidverici situasiya yaradır. Düşünürlər ki, onlara xarici dəstək var və belə olan halda sona qədər dirəniş göstərmək lazımdır.
– Prosesin gedişində Azərbaycanın mövqeyi necə görünür? Burada ölkəmizin qarşıya qoyduğu əsas hədəflər nədən ibarətdir?
– Fakt odur ki, Azərbaycan bütün bunlara baxmayaraq öz işini yavaş-yavaş görür. İstisna edilmir ki, bir rmüddət sonra Laçında mövcud olan sərhəd-buraxılış məntəqəsindən keçən erməni əsilli vətəndaşlar üçün Azərbaycanın şəxsiyyət vəsiqələri almaq tövsiyə olunacaq. Qarabağ ermənilərinə Azərbaycan bu sənədi almaq üçün tələblər də qoyula bilər. Keçiddən ancaq bu halda istifadənin mümkünlüyü irəli sürülür. Azərbaycan tərəfi tələb edəcək ki, onlar hansısa sənəd əsasında ölkə ərazisinə girib-çıxacaq. Bu olmadığı halda Azərbaycan keçidə problem yarada bilər. Buna da ölkənin tam hüququ çatır. Çünki onlar Azərbaycan sənədi daşımadan xarici vətəndaş hesab edilir. Belə olduğu halda isə onların hansı əsasla bizim ölkədə yaşadığı məsələsi aydınlaşmalıdır. Beləliklə, Qarabağda yaşayan ermənilər üçün hüquqi bir növ formalaşmalıdır. Azərbaycan isə başlanğız olaraq onlara sənəd növü verməklə ölkəyə buraxılışına icazə vermək imkanlarını dəyərləndirəcək. Bu sənəd müvəqqəti ola bilər. Daha sonra isə Azərbaycan Qarabağda yaşayan ermənilərdən şəxsiyyət vəsiqəsi almağı tələb edəcək. Ona görə də, növbəti addım kimi bu prosesin baş verəcəyi gözlənilir./teleqraf.com