Fransadan diqqətçəkən Hakan Fidan iddiası: “Siyasətin sirli şahzadəsi…”
Türkiyənin yeni hakim komandasının haqqında ən çox danışılan üzvlərindən biri olan xarici işlər naziri Hakan Fidan dünya mediasının gündəmindən düşmək bilmir.
Fransanın “Le Monde” qəzetində Fidanla bağlı diqqətçəkən təhlil dərc olunub.
“Türkiyədə diplomatiyanın yeni rəhbəri – Siyasətin sirli şahzadəsi Hakan Fidan” adlı məqalədə deyilir: “Kəşfiyyat orqanının (MİT) keçmiş rəhbəri Ərdoğanın əsas işlərinin icraçısıdır. Türkiyə prezidentinin sadiq tərəfdarları arasında sadiq, mümkün davamçı kimi görünür”.
Hakan Fidanın Türkiyə liderinə yaxın isim olduğunu yazan fransız nəşri onun MİT rəhbəri olarkən bir çox xaricə səfərlərə qatıldığını qeyd edir:
“Hakan Fidan on üç il himayəçisinin kölgəsində qaldı. Həmişə və lazım olanda yanında, kamera arxasında, rəsmi fotolarda oldu, amma güvənli məsafədə qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Mövlud Çavuşoğlunun müşayiəti ilə xaricə gedəndə, o, nümayəndə heyətində tədbirli olduğu qədər də təsirli, siyasi qaranlığın şahzadəsi idi”.
Qəzet Fidanın az danışdığını, amma MİT-dəki işinin əks-səda yaratdığını yazır:
“Türkiyə diplomatiyasının yeni rəhbəri Hakan Fidan heç vaxt çox danışmayıb, amma Türkiyənin kəşfiyyat qurumuna – Milli Kəşfiyyat Təşkilatının (MİT) başına gətirildikdən sonra səsi heç vaxt kəsilmədi”.
“Le Monde” regional problemlərin əksəriyyətinin Fidan tərəfindən idarə olunduğunu da iddia edir:
“Kəşfiyyat rəhbəri kimi Hakan Fidan Yaxın Şərqin ən qaynar məsələləri ilə məşğul olub. Misir və Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpasına zəmin yaradan da məhz odur. O, Prezident Ərdoğanın Moskva vasitəsilə yenidən əlaqə yaratmağa çalışdığı Liviya və Suriya ilə danışıqlara rəhbərlik edən sələfi Çavuşoğlundan qat-qat üstündür”.
“Proto Thema” qəzeti “Le Monde”nin məqaləsini “Ərdoğanın ən böyük köməkçisi və qara qutusu” adıyla oxucularına təqdim edib.
Yunanıstanın in.gr saytı isə MİT-in keçmiş rəhbəri haqda yazır: “Fidan çox az danışmaqla demək olar, bütün Qərbi danışmağa məcbur edə bildi”.
Xəbərdə Fidanın yunan həmkarı Yorqos Gerapetritislə Vilnüsdə keçiriləcək NATO sammitində ilk görüşünü keçirəcəyinə dair məlumat da yer alıb.