Dünya tarixinin ən böyük 10 zəlzələsi
Dünya tarixində elə zəlzələlər olub ki, onlar səthə çox yaxın olması, insan tələfatı, dəymiş ziyanın ölçüsü və müddətinə görə ilk sıralarda yer tutub. Tarixdə 8 dəqiqədən çox davam edən zəlzələlər də müşahidə edilib.
Dünya tarixinin ən böyük zəlzələlərini təqdim edirik.
9,5 bal, Çili zəlzələsi
1960-cı il mayın 22-də Cənubi Amerika qitəsində, Çilidə baş vermiş zəlzələ indiyə qədər ölçülən ən böyük zəlzələdir. Çili zəlzələsindən sonra meydana gələn sunami Sakit okeanda sürətlə hərəkət edərək ciddi can və mal itkisinə səbəb olub.
9,2 bal, Alyaska zəlzələsi
28 mart 1964-cü ildə Alyaskada baş verən 9,2 bal gücündəki zəlzələ ikinci ən güclü zəlzələ kimi qeydə alınıb. 3 dəqiqə davam edən zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və onu izləyən nəhəng dalğalar 128 nəfərin ölümünə və təxminən 310 milyon dollar ziyana səbəb olub.
9,1 bal, İndoneziya zəlzələsi
26 dekabr 2004-cü ildə Hind okeanının Sumatra adasının sahillərində baş verən bu zəlzələ 40 ölkədə təxminən 230000 insanın ölümü ilə 21-ci əsrə damğasını vurdu. Bu, dünya tarixində qeydə alınmış üçüncü ən böyük zəlzələ idi. 8,3 dəqiqə ilə 10 dəqiqə arasında davam edən zəlzələ indiyə qədər görülən ən uzun müddətə malik olub.
9,1 bal, Yaponiya zəlzələsi
2011-ci il martın 11-də baş verən zəlzələ Yaponiyanın şimal-şərqindəki Honsyu sahillərində, 24 km dərinlikdə qeydə alınıb. Zəlzələdən sonra bölgədə hündürlüyü 37,9 metr olan sunami dalğaları baş verib. Sunami ölkəyə böyük ziyan vurub. Zəlzələ nəticəsində 15900 nəfər həyatını itirib, 2531 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
9 bal, Rusiya zəlzələsi
1952-ci il noyabrın 4-də Rusiyanın şərqində baş verən zəlzələ 9 bal gücündə olub. Zəlzələnin baş verdiyi Kamçatka bölgəsi Avstraliya, Asiya və Amerika qitələri arasında zəlzələ lövhələrinin yerləşdiyi və seysmik fəaliyyətlərin tez-tez yaşandığı “Sakit Okean Atəş Halqasının” şimal ucunda yerləşir.
1 milyon dollardan çox maddi ziyana səbəb olan zəlzələdə insan tələfatı olmayıb. Zəlzələ 1900-cü ildən bəri qeydə alınan ən böyük zəlzələlərdən biridir.
8,8 bal, Çili zəlzələsi
27 fevral 2010-cu ildə yerli vaxtla saat 03:34-də Çilinin Konsepsyon şəhəri yaxınlığında çox güclü zəlzələ baş verib. Amerika Geoloji Xidməti 8,3 olaraq açıqladığı zəlzələnin maqnitudasını əvvəlcə 8,5, sonra isə 8,8-ə yüksəldib.
Zəlzələnin episentri paytaxt Santyaqodan 325 kilometr cənub-qərbdə, Konsepsyon şəhərindən 115 kilometr aralıda yerləşib.
Yerin 35 kilometr dərinliyində baş verən zəlzələ təxminən 1,5 dəqiqə davam edib. 2 milyon insana təsirli olan zəlzələdə 500 min ev dağılıb və ya ciddi ziyan görüb.
8,8 bal, Ekvador zəlzələsi
1906-cı ildə Ekvador və Kolumbiyada baş verən 8,8 bal gücündə zəlzələ hər iki ölkədə mindən çox insanın ölümünə səbəb olub. Zəlzələdən sonra meydana gələn sunami okeanı keçərək Yaponiyaya çatıb.
8,7 bal, Alyaska zəlzələsi
1965-ci ildə Alyaskanın Rat adaları yaxınlığında 8,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra dəyən ziyanın böyük hissəsi sunami nəticəsində baş verib.
8,6 bal, Tibet zəlzələsi
Assam zəlzələsi kimi tanınan bu zəlzələ 1950-ci ildə 8,6 bal gücündə baş verib. 780 nəfərin həyatını itirdiyi bu təbii fəlakətdən Çin, Tibet və Hindistanın bir çox şəhərləri zərər çəkib.
8,6 bal, İndoneziya zəlzələsi
2004-cü ildə baş verən böyük zəlzələdən sonra 2005-ci ildə İndoneziyanın şimalındakı Sumatra adasında 8,6 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin yaratdığı nəhəng dalğalar Şri-Lankaya çatıb və 400-dən çox insan xəsarət alıb.