Ərdoğanın səfərindən əvvəl sürpriz gəlişmə – “Türkiyə müttəfiqimiz olmalıdır”
Dünyanın diqqəti Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindədir.
Yunanıstan mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yay gərgin diplomatik marafona hazırlaşdığını yazıb.
“ERT News”da dərc olunan “Beynəlxalq marafon: Ərdoğan üçün isti diplomatik yay” adlı məqalədə Ərdoğanın bayram fasiləsindən sonra diplomatik marafona hazırlaşdığı bildirilib:
“Türkiyə prezidenti NATO sammitində iştirak etmək üçün iyulun 11-12-də Vilnüsə gedəcək. Gündəliyin ən mühüm bəndi İsveçin üzvlük prosesi olacaq. Ötən günlərdə Stokholmda bir etirazçının Quranı yandırması İslam ölkələrinin sərt reaksiyasına səbəb olub, cənab Ərdoğandan da sərt açıqlama gəlib.
“Terror təşkilatları və İslam düşmənləri ilə qəti şəkildə mübarizə aparılmayana qədər reaksiyamızı ən sərt şəkildə göstərəcəyik. Nəhayət, Qərbin təkəbbürlü xalqına müsəlmanların müqəddəs dəyərlərini təhqir etməyin ifadə azadlığı olmadığını öyrədəcəyik”, – Ərdoğan deyib.
Türkiyə mediası bu hadisədən sonra İsveçin inteqrasiyasının (NATO-ya) çətinləşdiyini vurğulayaraq, hər gün məsələni gündəmə gətirir”.
“ERT News” xatırladıb ki, Vilnüs sammitindən əvvəl Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərləri iyulun 6-da NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşəcəklər.
ABŞ Prezidenti Co Bayden İsveçin NATO-ya üzv olmaq istəyini və Ukraynadakı müharibəni müzakirə etmək üçün gələn həftə İsveç Baş naziri Ulf Kristerssonu qəbul edəcəyini açıqlayıb. Görüş iyulun 5-də – Türkiyə və İsveç arasında iyulun 6-da Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdən bir qədər əvvəl baş tutacaq.
“ERT News” Ərdoğanın önümüzdəki həftələrdə başda Qətər və BƏƏ olmaqla körfəz ölkələrinə səfərlərinin gözlənildiyini yazaraq, onun Afrika, ərəb ölkələri və İslam dünyasının demək olar, bütün liderləri ilə əlaqə saxladığını vurğulayıb.
“Liberal” qəzeti də İsveçin Türkiyə ilə Vilnüsdə sövdələşməsinin çətin olacağını bildirərək, Qərbdə bütün gözlərin Ərdoğanda olduğunu qeyd edib.
Vilnüs sammitinin Ankaranın Qərb və Afina ilə münasibətlərini müəyyən edəcəyini iddia edən nəşr Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin “Türkiyə müttəfiqimiz olmalıdır” çağırışına diqqət çəkib.
NATO, Avropa Birliyi (AB) və Almaniyanın AB-Türkiyə münasibətlərini bərpa etmək üçün yollar axtardığını qeyd edən qəzet AB-Türkiyə münasibətlərində yeni çərçivənin Yunanıstan-Türkiyə əlaqələrində gözlənti yaratdığını bildirib.