Putinin “dahiliyi”, Priqojinin hiyləgərliyi… – “Vaqner” başçısının arxasındakı gücün əsl məqsədi nədir?
Hazırda Rusiyada baş verənlər bu ölkənin Prezidentinin 23 illik hakimiyyətinin faydalı iş əmsalının qeyri-kafi nəticəsi kimi dəyərləndirilməlidir. Vladimir Putin öz fəaliyyəti ilə geniş əraziyə, zəngin təbii sərvətlərə, müəyyən hərbi texnoloji imkanlara və elmi potensiala malik bir ölkəni bataqlığa doğru sürükləməkdə necə mahir usta olduğunu təsdiqləyir.
İndi Putinə sual vermək lazımıdr ki, “Vaqner”i və onun rəhbəri Yevgeni Priqojini kim yetişdirib meydana çıxarıb, onu indiyədək kim bəsləyib? Təbii ki, bu sualı kimsə ona verməyəcək, çünki Rusiyada Prezident az qala heç nəyə görə məsuliyyət daşımayan “müqəddəs” bir məxluqdur.
Əslində, nədənsə bütün tarix boyu Rusiyada hakimiyyətin zirvəsindəki çarlar, baş katiblər, prezidentlər “dahi strateqlər” olublar və bu mənada Putin də istisna təşkil etmir. Ancaq həqiqət ondadır ki, təbliğat maşınının xalqa sırımağa çalışdığı “bütün dövrlərin strateji dühası”nın Ukraynaya qarşı müharibəyə girişməsi onun avantürist xarakterini tam ifşa etdi.
Bu gün Rusiyanın ən böyük problemi birbaşa idarəetmə sisteminin yarıtmazlığı ilə bağlıdır. Priqojin korrupsiyanın tüğyan etdiyi Putin sisteminin məhsuludur. Hələ vaxtilə Mao Tszedun deyirdi ki, tüfəng hakimiyyət yaradır. Elə Priqojinin də sərbəst və təhlükəli siyasi fiqura çevrilməsinin əsas səbəbi məhz silahların bolluq təşkil etdiyi müharibədir.
Müharibə başlayandan indiyədək Priqojin hərbi komandanlığa qarşı kəskin fikirlər səsləndirməklə yanaşı, xalqda özünə qarşı rəğbət oyadacaq xüsusi “PR” kampaniyası həyata keçirib. Priqojin cəbhədəki uğursuzluqlar fonunda etiraza qalxıb, əgər Rusiya ordusu Ukraynada müəyyən uğurlar əldə etsəydi, o, ehtiyatla davranar və səsini qətiyyən yüksəltməzdi.
Bəs ümumiyyətlə baş verənləri qısaca necə şərh etmək olar?
İlk növbədə ağıla iki versiya gəlir:
Birincisi, Priqojinin qiyamının arxasında Rusiya hərbi kəşfiyyat və administrativ elitasının nümayəndələri dayanır və onlar Putin hakimiyyətinə qarşı “Vaqner” kartından istifadə edirlər. Bu qüvvələrin məqsədləri içərisində Putinin hakimiyyətdən salınması ilə yanaşı, Ukrayna müharibəsinin dayandırılması planı da yer ala bilər. Mümkündür ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli generalları ilə ordunun üzdə görünməyən komanda heyəti və administrativ-biznes elitası arasında hansısa xüsusi razılıq var və onlar müharibənin biabırçı məğlubiyyətlə bitəcəyini anladıqları üçün vəziyyətdən çıxmağa çalışırlar. Onlar üçün artıq Donbas və Krım heç bir əhəmiyyət kəsb etmir və qarşıda duran əsas məqsəd bu mənasız müharibədən yaxa qurtarmaqdır. Amma necə? Bunun üçün Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi birləşməsi ilə Rusiya Müdafiə Nazirliyi arasında kəskin qarşıdurma yaratmaq işə yaraya bilərdi. Priqojinin Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin Rostov şəhərində yerləşən qərargahında Rusiya Müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla hədələyici və saymazyana tonla danışması onun özünə arxayınlığından və görünməyən arxa plandakı gücündən xəbər verir.
Böyük ehtimalla, hər şeyin öz yolunda getməsi üçün xüsusi ssenari də hazırlanmışdı və biz indi bunun şahidi oluruq. Qeyd etmək lazımdır ki, Priqojin təkbaşına şəxsi ordu yarada bilməzdi. Sözsüz ki, bu və ya digər formada “Vaqner” hakimiyyətin yuxarı eşalonu tərəfindən müntəzəm surətdə hərtərəfli dəstəklənib.
Hələlik Priqojin böyük siyası ambisiya ortaya qoymayıb, çünki bu, onun indiki mövqeyini və imicini zədələyə bilər. O, Ukraynada aparılan müharibənin mənasız və axmaq bir iş olduğundan, slavyan xalqları arasındakı düşmənçiliyə son qoyulmasından danışmır. Əgər o, bunu dilə gətirsə, rəsmi təbliğat ruporu dərhal onu vətənə xəyanətdə ittiham edəcək və deyiləcək ki, bu adam satqın və casusdur. Əlbəttə, hiyləgər Priqojin Rusiyanı yaxşı tanıyır və bu cür bəyanatlar vermək ona sərf etməz, əksinə, o özü qabaqlayıcı tədbir kimi Şoyqu və Gerasimovu vətənə xəyanətdə günahlandırır.
Əgər bu ssenari baş tutarsa və Putin hakimiyyətdən uzaqlaşdırılarsa, çox böyük ehtimalla Priqojini “böyüdən” güc qısa bir müddətdən sonra bu “şuluq qoçu”nun özünü də ortadan götürəcək. Daha sonrakı mərhələdə isə sabitliyə ehtiyac duyulduğundan Ukraynadan çəkilmək barəsində qərar verəcək. Yaxşı diqqət etsək, görərik ki, əslində bu, Rusiya üçün bəlkə də ən faydalı variantdır.
İndi isə ikinci versiyaya nəzər yetirək. Həmişə tərəflər arasında balans yartmaqla manevr edən Vladimir Putin Şoyqu-Gerasimov tandemi ilə Priqojini bir-birinə qarşı qoymaqla bu tarazlığı müharibə zamanı da saxlamağa çalışıb, ancaq alınmayıb. Digər tərəfdən, Afrika və Suriya qvardiyası rolunda çıxış edən “Vaqner” Ukrayna müharibəsinin gedişində elə güclənib ki, indi artıq imperatorun özünü cəzalandırmaq üçün paytaxta yürüş etməyə cəsarət edir. Ola bilər ki, uzun müddət ərzində Priqojin ona verilən mərmilərin, silah və texnikanın bir hissəsini “qara gün”üçün qoruyub saxlayıb. Onun Rostovu özünə mərkəz seçməsi heç də təsadüfi deyildi, çünki Rostov böyük şəhərdir və istinad nöqtəsi kimi burada mövqe tutmaqla özünü Rusiya ordusunun və Federal Təhlükəsizlik Xidmətinin silahlı qruplarından və hava hücumundan qoruya bilərdi. Vətəndaş müharibəsi başlayacağı təqdirdə “Vaqner”ə söykənə biləcəyi böyük mərkəz lazım idi.
Priqojin geri çəkilməsə, Rusiya nizami ordusuna qarşı ciddi müqavimət göstərə biləcəkdimi? Əgər silahlı münaqişə bir həftədən artıq davam edərdisə, Putinə qarşı istər orduda, istərsə də hakim elitada açıq etirazlar baş qaldıracaqdı və vətəndaş müharibəsi qaçılmaz olacaqdı. Elita içərisindəki müəyyən maraqlı qüvvələr əslində buna bəlkə də çoxdan hazırlaşıblar. Çünki İqor Strelkovun, Vladimir Kvaçkovun və digərlərinin Putinin ünvanına birbaşa söylədikləri sözlərə diqqət etdikdə, sual yaranır ki, əcəba, bu adamlara niyə dəyib-dolaşan yoxdur. Axı, biz repressiya maşınının daim saz işlədiyi Rusiyadan danışırıq. Digər yandan, Priqojinin monstra çevirliməsinə niyə imkan verildi?
Maraqlıdır ki, dünyanın ikinci ordusu hesab edilən Rusiya Silahlı Qüvvələri hansı səbəbdən özəl hərbi birləşməyə möhtac qalmalıdır, bəs haradaydı 145 milyon əhalisi olan böyük Rusiyanın nizami ordusu?
Heç şübhə yoxdur ki, geri çəkilməsi Priqojini xilas etməyəcək, onun özünün və “Vaqner” hərbi qruplaşmasının məhv edilməsi prosesinə başlanılacaq, bu isə asan məsələyə oxşamır. Buna nail olunsa belə, dünənki biabırçılıqlardan sonra müharibədəki məğlubiyyət qaçılmaz olacaq və bu gec və ya tez Vladimir Putinin sonunu gətirəcək.
Belə bir ekstrimal versiyada da irəli sürmək olar ki, müharibədə məğlubiyyətə uğrayacaqlarını görən Vladimir Putin ”Vaqner”lə ordu arasında qəsdən qarşıdurma yaratmışdı ki, bütün günahları Priqojinin üstünə atsın. Sonra isə deyər ki, biz qalib gələcəkdik, lakin təxribatçı “Vaqner” çevrilişə qalxdığından bunu həyata keçirmək mümükün olmadı və sairə.
Bəli, bu gün Rusiyaya sarkazmla yanaşmaq lap yerinə düşür. Belə ki, il yarım bundan öncə Kiyevin üç günə zəbt olunacağına əmin olan təkəbbürlü Putin və təbliğat tiryəkinin təsiri altında ekspansionizmə meyyləndirilmiş rus xalqı indi Priqojinin paytaxt Moskvaya siahlı yürüşü və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını müşahidə etdi…/azpolitika.info