“Putin üçün yolun sonu göründü…” – “Priqojini həbs edə və ya öldürə bilməsə…”
“Kreml sahibi Vladimir Putin üçün yolun sonu görünməyə başladı”.
Bunu politoloq Elxan Şahinoğlu Rusiyada baş verən hadisələri şərh edərkən bildirib.
“Putin çıxışında təsadüfən 1917-ci ili xatırlatmadı. Əvvəllər də yazmışdım ki, Putin İkinci Nikolayın yolu ilə gedir. İkinci Nikolay gərəksiz halda “serb qardaşlarımıza dəstək” bəhanəsiylə Rusiya imperiyasını Birinci Dünya Müharibəsinə daxil etdi. Müharibədə Rusiya imperiyasının vəziyyəti ağırlaşdı, itkiləri artdı, iqtisadiyyat çökdü, bundan istifadə edən bolşeviklər hakimiyyəti ələ keçirdilər, İkinci Nikolayı da ailəsi ilə birlikdə güllələdilər. 100 ilin hadisələri ilə bugünkü hadisələr arasındakı fərq sadəcə bundan ibarətdir ki, bolşeviklər İkinci Nikolayın düşməni idilər, “Vaqner” muzdlu qruplaşması və qruplaşmanın rəhbəri Priqojin isə Putinin məhsuludur, o özü bunları yaradıb və indi bunun ağrısını çəkir”, – ekspert vurğulayır.
E.Şahinoğlunun sözlərinə görə, Priqojin son aylarda müharibə haqqında real vəziyyəti söyləyənlərdən biri idi. Təhliçi əlavə edir ki, Priqojin yaxın günlərdə həbs olunmasa və ya öldürülməsə Rusiya 100 il əvvəlki vətəndaş müharibəsinə sürüklənəcək. “Müharibə və ordu haqqında doğruları söylədiyinə görə Rusiya cəmiyyətində və orduda Priqojinə rəğbət artmışdı. Putin köhnə dostunu dayandıra bilməsə, vəziyyət Kreml sahibi üçün qəlizləşəcək”, – o bildirib.
Politoloq vurğulayır ki, mövcud durum Qərbin, Ukraynanın və Azərbaycanın da maraqlarına cavab verir: “Rusiyanın başı özünə qarışmalıdır ki, əlini qonşu ölkələrdən çəksin. Rəhmətlik öndərimiz Məhəmməd Əmin Rəsulzadə demişkən, Rusiya zəifləməyənə qədər qonşu dövlətlərə rahat həyat olmayacaq. Putin Priqojini bir yolla neytrallaşdırsa belə Rusiyanın Ukraynadakı müharibəni əvvəlki güclə aparması çətinləşəcək. Rusiya cəmiyyətində həm Putinə inam azalacaq, həm də müharibədən yorğunluq özünü göstərəcək”./azpolitika.info