Lukaşenko Priqojinlə danışıqlar aparıbmı?
Bu gün səhər Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarına özəl hərbi şirkət “Vaqner”lə bağlı məlumat verib.
İki dövlətin başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər.
Əldə olunan razılaşmaların davamı olaraq, Belarus prezidenti öz rabitə kanalları vasitəsilə vəziyyətlə bağlı əlavə məlumat əldə edərək, Rusiya prezidentinin razılığı ilə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Danışıqlar bütün gün davam etdi və Rusiya ərazisində qanlı münaqişənin başlanmasının yolverilməzliyi barədə razılaşmaya gətirib çıxardı. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” silahlı qüvvələrinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq təklifi ilə razılaşıb.
Hazırda masada “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin sərfəli və məqbul bir həlli var.
Qeyd edək ki, “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar apardığı və razılaşma əldə etdiyi barədə məlumata münasibət bildirib. Bu barədə o, Teleqram kanalında yazıb.
“Belarus Prezidentindən heç bir təklif almamışam və heç nə qəbul etməmişəm. Bəzi danışıqlar olub, lakin uğursuz yekunlaşıb. Mətbuatda yazılanlar yalandır”, – Priqojin bildirib.
Qeyd edək ki, Priqojinin Teleqram kanalında təkzibi birmənalı qarşılanmayıb. Belə ki, təkzibin dərc edildiyi Teleqram kanalı dünən qeydiyyatdan keçib – baxmayaraq ki, artıq 50 min abunəçisi var.
Buna görə Priqojinin video-müraciət yayacağı gözlənilir.