Şuşada “Muğam aləmi” 6-сı Beynəlxalq Musiqi Festivalının konsert proqramı olub

 

İyunun 23-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib.

Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında, həmçinin Bülbülün ev-muzeyində, eləcə də “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramları təqdim olunub.

Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub. Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.

Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər.

Daha sonra Bülbülün ev-muzeyində və “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramı təşkil olunub. Proqramda tanınmış ifaçılar Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Simarə İmanova, Qəzənfər Abbadov, Mütəllim Dəmirov, Gülnar Qüdrətli “Xudayar” təsnifi, “Bayatı-Şiraz”, “Segah”, “Mahur” və digər muğam və təsniflərimizi, xalq mahnılarımızı təqdim ediblər.

Festival iştirakçıları, həmçinin digər ölkələrdən gəlmiş qonaqlar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Qonaqlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.

İyunun 18-dən başlayan 6-cı Beynəlxalq Musiqi Festivalı iyunun 25-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə başa çatacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password