AB də İranla “yaxınlaşır”: Tehrana dəstəyin səbəbi…
Tehran Amerika ilə dolayısı danışıqlardan sonra Qərblə də birbaşa müzakirələr aparmaq üçün fürsət əldə edib. İran və Avropa Birliyinin rəsmi şəxslərinin Dohada baş tutan görüşü bu haqda danışmağa əsas verir.
Bu sözləri güneyli siyasi şərhçi, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin Doha görüşünün Tehran rejimi üçün əhəmiyyəti haqqında danışarkən deyib.
Onun sözlərinə görə, İran bu görüşdə sanksiyaların aradan qaldırılmasına nail olmaq istəyir:
“İran xarici işlər nazirinin müavini Əli Bağiri Kəninin AB-nin rəsmisi, xarici fəaliyyət xidmətinin baş katibinin müavini Enrike Mora ilə Dohada görüşü bir neçə səbəbdən diqqət çəkir. Amerika və İranın Qətərdə və Omanda görüşmələrinin ardınca Makron ilə Rəisinin uzun telefon danışığı baş tutdu. İndi isə Dohada yüksək səviyyəli görüş reallaşdı. Amerika və İran danışıqlarından xəbərdar olan Avropa kənarda qalmaq istəmir. Tezliklə İran rejiminin dağılmayacağını bildiyi üçün Qərb öz mənfəətlərini düşünür və ona Avropa ölkələrində sabitliyin İran terror qrupları tərəfindən pozulmayacağına dair zəmanət lazımdır. Görüşdə bu məsələnin müzakirə olunduğu ehtimalı yüksəkdir. İkili vətəndaşı olan məhbusların dəyişdirilməsi, Ukrayna müharibəsində İranın Rusiyaya silah verməyəcəyi, uranın zənginləşdirilməsinin 90 faiz həddən 60-a endirilməsi tələbi müzakirə mövzusu ola bilər. Tehran da öz növbəsində Avropadan sanksiyaların qaldırılmasını, rejimə müxalif olan və Avropada yaşayan güclərin fəaliyyətinə nəzarət olunmasını istəyəcək. Elə bu günlərdə Albaniyada Xalq Mücahidləri Təşkilatına hücumun şahidi olduq. Həmçinin, Fransada onların böyük mitinqinə izn verilməməsi buna bir növ sübutdur”.
İranın daxildəki təlatümü yatırdıqdan sonra “hücuma keçdiyini” deyən Bilgin vurğulayıb ki, Qərb və Amerika rejimin ayaqda qalması üçün İrana yaşıl işıq yandırır:
“Bu görüşlərdən belə nəticəyə gəlmək olur ki, Tehran hökuməti önündəki əngəlləri aşacaq. İran kimi rejimin qalması Amerika və Avropa üçün sərfəlidir. Özəlliklə, Amerika İranın vasitəsi ilə öz istəklərini bölgədə irəli apara bilir. Amerikanın özünün İran qarşısında xüsusi tələbləri də var. Suriyada Amerika qoşunlarına İranın hücum etməyəcəyi, İranın dondurulmuş pullarının azad olunacağına dair razılaşma ilkin danışaqlarda müzakirə olunurdu, hətta ola bilsin, razılığa da gəliblər. Bu isə rejimin repressiyanı və xalq üzərində basqıları artırmasına gətirəcək”.
Partiya rəsmisinin sözlərinə görə, İran rejimininin xilas yolları uğursuz nəticələnəcək:
“Hətta Amerika, Avropa və digər böyük qüvvələrin köməyi də İran rejimini sona kimi ayaqda saxlaya bilməyəcək. Çünki daxildə rejimə qarşı qəzəb var. Bu təlatüm və millətlərin hökumət əleyhinə aqresiyası günü-gündən artır. Bu da hər an partlaya və molla rejiminin sonunu gətirə bilər”.