Əsir əsgərlərimizlə bağlı AŞPA-dan dəstək istənildi

 

Transmilli repressiya, qanunun aliliyinə və insan hüquqlarına artan təhlükə” adlı məruzədə qeyd olunmayan transmilli repressiyaların ən dəhşətli nümunələrindən biri etnik təmizləmədir. Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkib.

1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə Ermənistanın dövlət orqanları tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə sistemli xarakteri ilə seçilir. Çünki bütün bu kütləvi etnik təmizləmə Ermənistan dövlətinin birbaşa göstərişi ilə həyata keçirilib.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun yay sessiyasında “Transmilli repressiya, qanunun aliliyinə və insan hüquqlarına artan təhlükə” adlı məruzənin müzakirəsi zamanı çıxışında Qərbi Azərbaycan məsələsindən danışarkən ifadə edib.

“Erməni həmkarım girovlarla bağlı danışıqlara istinad etdi. Bu ilin aprelində Azərbaycan Ordusunun əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüb.

Aydın görünür ki, yerli erməni sakinlər və hərbçilər azərbaycanlı əsgərə işgəncə verirlər. Sonradan onlar üçün səhnələşdirilmiş məhkəmə düzəldib saxta hökm çıxarıblar. Hüseyn 20 il müddətinə azadlıqdan məhrum edilib. Bunun özü də azərbaycanlılara və Azərbaycana qarşı törədilən etnik təmizləmə siyasətinin daha bir nümunəsidir”, – deyə K. Cəfərov bildirib. O, Ermənistan tərəfindən əsir götürülmüş Aqşin Bəbirovdan və Hüseyn Axundovdan hansısa danışıq üçün alət kimi istifadə olunmaması üçün avropalı deputatları azərbaycanlı əsgərlərin azad edilməsini dəstəkləməyə çağırıb.

Azərbaycanlı deputat Assambleyada Laçın dəhlizi ilə bağlı məruzəyə də toxunub. Sənədin qərəzli olduğunu deyən deputat vurğulayıb: “Dünən AŞPA Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı qərəzli, yersiz və vaxtsız qətnamə qəbul etdi. Hesab edirəm ki, dünən AŞPA buradakı azərbaycanlı və erməni deputatlar arasına sülh yaratmaq kimi tarixi şansını itirdi, bizi daha da yaxınlaşdırmaqdansa, daha çox düşmən etdi. Bu, AŞPA üçün itirilmiş bir imkan oldu. Digər tərəfdən Laçın sərhəd-keçid məntəqəsinə pilot layihə kimi baxılmamalıdır. Ermənistanın baş naziri Paşinyan da Zəngəzur dəhlizinin açılması, erməni silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması barədə öhdəlik götürüb və bu öhdəliyi icra etməlidir”, – deyə K.Cəfərov diqqətə çatdırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password