Rusiyanın pulu ilə Ukraynanın bərpası: Kiyevin Qərbdən istəyi var
Ukrayna dövlət borcunu Rusiyanın dondurulmuş aktivləri ilə ödəməyi təklif edib: Kiyevin kreditorlara borcu nə qədərdir?
Ukrayna Prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko Rusiyanın xaricdə dondurulmuş aktivləri ilə Ukraynanın xarici dövlət borcunu ödəməyi təklif edib. Ustenko bu barədə telemarafonda bildirib.
Ukrayna rəsmisi xatırladıb ki, hazırda Kiyev xarici kreditləri ödəmir: “Lakin Rusiyanın 350 milyard dollar dəyərində qızıl-valyuta ehtiyatı və 150 milyard dollar nağd pulu həbs edilib. Bu aktivlərdən dövlət borcumuzu bağlamaqda istifadə edilə bilər”.
“Ukraynanın iqtisadiyyatı böyüyəcək, investorlar gələcək və biz Rusiyadan götürdüklərimizin bir hissəsi ilə borcları bağlayacağıq”, – deyə Ustenko vurğulayıb.
Ustenko həmçinin bildirib ki, münaqişə bitdikdən sonra kreditor konfransı keçiriləcək və bu konfransda Ukraynanın dövlət borcunun gələcəyinə dair qərar veriləcək.
Kiyevin nə qədər və kimə borcu var?
Yanvarda Ukrayna Maliyyə Nazirliyi bəyan edib ki, 2023-cü ildə ölkə 17,9 milyard dollar (658,4 milyard qrivna) dövlət borcunu ödəməlidir. Bu məbləğin 14,6 milyardı dövlətin daxili borcuna xidmət və ödənilməsinə yönəldiləcək. Kiyev dövlətin xarici borcuna xidmət və ödənilməsi üçün 3,3 milyard dollar köçürməlidir.
Eyni zamanda, Ukraynanın Beynəlxalq Kreditorlar Qrupu ölkə ərazisində davam edən müharibə səbəbindən ölkəyə 2023-cü ilin sonuna qədər dövlət xarici borcuna xidmət etməməyə icazə verib. Kiyevin borc qiymətli kağızlarının əsas sahibləri ABŞ, Kanada, Fransa, Almaniya, Yaponiya və Böyük Britaniyadır. Daha 15 dövlət qrupda müşahidəçi kimi çıxış edir.
Bundan əvvəl Kiyev Ukraynanın Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyə almayacağı ssenarisini nəzərdən keçirməkdən imtina edib. Ukrayna Milli Bankının rəhbəri Kirilo Şevçenko BVF və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın Ukrayna büdcəsinin maliyyələşdirilməsində və ölkə iqtisadiyyatının artımında mühüm rol oynadığını vurğulayıb. Onun fikrincə, BVF proqramının təxirə salınması və ya ləngitməsi Ukraynanın iqtisadi dirçəlişini ləngidər.
Qeyd edək ki, may ayında Britaniya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Moskva Ukraynaya dəymiş ziyanı ödəməyə razı olana qədər Rusiyanın dövlət aktivlərinə həbs davam edəcək. Oxşar bəyanatla G7 assosiasiyası çıxış edib. Qərbin sanksiyalarına görə Rusiya qızıl-valyuta ehtiyatlarının yarısına – təxminən 300 milyard dollara çıxışı itirib.
Bundan sonra Aİ ölkələrinin Rusiyanın aktivlərindən Ukraynanın maraqlarına uyğun istifadə planını təsdiqləməyə daha yaxın olduğu bildirilib. Söhbət 200 milyard avroya yaxın məbləğdən gedir. Bu vəsaitləri yatırmaqla Aİ illik üç faiz gəlir əldə edə biləcək ki, bu da təkcə ildə altı milyard dollar gəlir deməkdir. Dünya Bankı, Avropa Komissiyası, BMT və Ukrayna hökumətinin mart ayı hesablamalarına görə, ölkənin yenidən qurulmasına çəkilən xərclər 441 milyard dollar təşkil edir.
Bununla belə, Avropa Mərkəzi Bankı xəbərdarlıq edib ki, Rusiyanın Avropa ölkələri tərəfindən sanksiyalara görə bloklanan aktivlərindən istifadə avronun dünya valyutası kimi etibarını sarsıtmaq və Avropa İttifaqının maliyyə sabitliyinə xələl gətirmək təhlükəsi yaradır. Tənzimləyici aydınlaşdırıb ki, dondurulmuş Rusiya aktivlərinə investisiya qoyuluşundan əldə edilən mənfəətin istifadəsi böyük pul ehtiyatlarına malik dünyanın digər mərkəzi banklarının Avropa valyutasından üz döndərməsinə səbəb ola bilər. Aİ digər G7 ölkələrinin iştirakı olmadan birtərəfli hərəkət edərsə, problemlər daha da kəskinləşəcək./ayna.az