Paşinyan vaxt istədi: Ermənilər üçün Qarabağ bitdi – Şəfiyev detalları açıqladı
Bu gün Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağı ilə bağlı proqnoz vermək çətindir. Keçən il də gözləyirdik ki, ilin sonuna kimi sülh sazişi imzalanacaq. Sadəcə olaraq hər dəfə Ermənistanın baş naziri Nikol Paşinyan hansısa bir hərəkət edir, daha sonra müəyyən bir müddət keçir və o gözləyir. Sözsüz ki, bu hərəkətləri, “taktika”nı II Qarabağ müharibəsindən sonra müntəzəm olaraq müşahidə etmişik.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun fikrincə, görünən odur ki, yenidən belə bir məqam çatıb: “May ayında Paşinyan tərəfindən verilən bəyanatlar var. Bu bəyanatlarda o, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını ifadə edirdi. İndi isə deyir ki, biz vaxt götürüb gözləyəcəyik. Çox güman ki, burada ona qarşı həm Ermənistan daxilindən, həm də kənardan müqavimət var”.
Fərid Şəfiyev hesab edir ki, Ermənistanda olan düşüncə mərkəzlərinin mövqeyinə görə, Paşinyan bu məsələni bitirmək istəyir: “Ermənistan cəmiyyətindən ermənilər üçün Qarabağın bitmiş bir məsələ olması ilə bağlı mesajlar eşidilir. Amma eyni zamanda bir addım atıldığı təqdirdə Ermənistan rəsmiləri geri çəkilir. Ona görə də, belə bir vəziyyət yaranır”.
Mərkəz sədrinə görə, bütün bunların fonunda erməni tərəfi yenə də iddia edir ki, bu ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər: “Amma Ermənistanın Təhlükəsizlik Şurasını katibi Armen Qriqoryan və Nikol Paşinyan tərəfindən verilən iki açıqlamadan görünən odur ki, onlar imzalanacaq sülh sənədində Qarabağla bağlı maddələr əlavə etmək istəyirlər. Bu da sözsüz ki, Azərbaycan tərəfindən qəbul olunmayacaq. Belə olan halda bu qeyri-müəyyənlik və təxribatlar olacaq”.