Ukrayna əks-hücumu dayandırır – Qərb mediası bir, ukraynalı ekspertlər başqa fikirdədir
Ukraynanın öz işğal edilmiş torpaqlarını azad etmək üçün başlatdığı əks-hücumun müvəqqəti olaraq dayandırılacağı ilə bağlı məlumatlar yayılmaqdadır.
Bununla bağlı ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında irəli sürülən iddia ciddi müzakirələrə səbəb olub. Belə ki, tanınmış institutun mütəxəssislərinin fikrincə, Ukrayna ordusu əks-hücum taktikasını yenidən nəzərdən keçirmək və ona dəyişikliklər etmək üçün bir müddət hücum əməliyyatlarını dayandıra bilər.
Amerikalı mütəxəssislər Estoniya kəşfiyyatının başçıs Marqo Qrosberqə istinad ediblər. Qrosberq deyib ki, qarşıdakı həftədə hücum olmayacaq.
“Wall Street Journal” da bu məsələ ilə bağlı yazısında öz mənbələrinə istinadla Ukrayna hərbi rəhbərliyinin hərbi taktikanı dəyişmək üçün fasilə götürəcəyini iddia edib.
ISW mütəxəssisləri qeyd ediblər ki, operativ fasilələr böyük hücum əməliyyatları üçün spesfik haldır. Onların fikrincə, Ukrayna hələ əsas qüvvələrini döyüşə atmayıb və bu fasilə heç də əks-hücum əməliyyatının dayandırılması, başa çatması anlamına gəlmir.
Ancaq Ukraynadakı hərbi ekspertlərin əksəriyyəti əks-hücumun dayandırılmasına dair iddialarla razılaşmırlar.
Məsələn, “Espresso” nəşrinə açıqlama verən hərbi ekspert Sergey Zqurets deyib ki, Ukraynanın əks-hücumu dayandırması barədə yazılanlar reallığa uyğun deyil: “Hazırda Ukrayna ordusu Zaporojyedəki 150 kilometrlik cəbhə boyu 5 istiqamətdə hərəkət edir. Geniş cəbhə boyu hərəkət etməyimiz düşmənin Ukrayna Silahlı Qüvvələrinin əsas zərbə istiqamətini müəyyən etməsinə imkan vermir və onu özünün ikinci, hətta üçüncü xətdəki qüvvələrini irəli çəkməyə vadar edir. Bu zaman həmin qüvvələr bizim artilleriya zərbələrimizə tuş gəlir. Bu taktika geniş cəbhə boyu müəyyən vaxt qüvvədə qalacaq”.
Hərbi ekspert Ukrayna ordusunun çətinliklərini də açıqalyıb. Zqurets deyib ki, Rusiyanın quraşdırdığı minalı sahələrdən keçmək üçün Ukrayna ordusu nazik kolonlar şəklində hərəkət etməli olur. Bu zaman isə qarşı tərəf vertolyotları havaya qaldırır və hərəkətini dayandıran Ukrayna kolonlarna zərbə endirməyə çalışır. Bunun qarşısını almaq üçünsə yeksək manevr imkanları olan hava hücumundan müdafiə silahlarına malik olmaq və eləcə də düşmənin artilleriyasını susdurmaq lazımdır.
Bütün bunlarla yanaşı, ekspert xatırladıb ki, Ukrayna ordusu eyni taktikanı Xerson istiqamətindəki əks-hücum əməliyyatı zamanı da həyata keçirib. Həmin əməliyyat iki ay davam edəndən sonra Rusiya Xersonu tərk etməyə məcbur olub.