Hansı ölkənin vətəndaşları Azərbaycanda yaşamağa maraq göstərirlər?
Son vaxtlar ölkəmizdə əcnəbilərin daşınmaz əmlak bazarına artan marağı müşahidə olunur. Mənzil alqı-satqısı ilə məşğul olan rieltorlar da bu faktı təsdiqləyirlər. Onların sözlərinə görə, əcnəbi vətəndaşlar əsasən şəhərin mərkəzindəki mənzillərlə maraqlanırlar.
Bəs xarici vətəndaşların Azərbaycan ərazisində mənzil alması qanunla necə tənzimlənir? Daha çox hansı ölkənin vətəndaşları Azərbaycanda yaşamağa maraq göstərirlər?
Kaspi qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Hüquqşünas Sabir Qəniyev deyir ki, qanunvericiliyə əsasən, əcnəbilərin Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əmlak əldə etmək imkanları var. Amma ölkəmizdə xarici vətəndaş torpaq sahəsinə sahib ola bilməz:
“Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs ölkəmizdə ev, villa, mənzil və digər əmlak növlərini ala bilər. Əcnəbilərin torpaq əldə etməsi ilə bağlı isə bir neçə hüquqi məqamlar var. Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər”.
Hüquqşünasın sözlərinə görə, dünya təcrübəsində də əcnəbilərin torpaq alışı yerli qanunlardan asılıdır və müəyyən məhdudiyyətlər var:
“Əcnəbilərin torpağa mülkiyyət hüququnun əldə edilməsi imkanları və bununla əlaqədar məhdudiyyətlər dövlətlərdə mövcud olan demoqrafik, siyasi, iqtisadi amillərlə yanaşı, ölkənin milli təhlükəsizliyi, sosial və etnik müxtəlifliyi ilə bağlıdır. Ölkəmizdəki yanaşma Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Çin Xalq Respublikası və digər ölkələrdə də tətbiq olunur”.
Əmlak eksperti Mülkədar Rüstəmov deyir ki, 2022-ci ildə 40 fərqli ölkədən vətəndaşlığı olmayan əcnəbi Azərbaycanda mənzil əldə edib. Ekspertin sözlərinə görə, ötən il 1577 əcnəbi Azərbaycanda daşınmaz əmlaka sahib olub:
“Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları ilk üçlükdədirlər. 4-cü və 5-ci yerləri İran və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları tutur. Bu il həm də Pakistan, Hindistan vətəndaşlarının əmlakla bağlı müraciətlərinin artdığını müşahidə edirik”.
Əcnəbilərin Azərbaycanda mənzil alma şərtlərinə gəldikdə isə ekspert deyir ki, onlar çıxarışla təmin olunmuş istənilən tikilini ala bilərlər:
“Hər hansı bir ölkə vətəndaşı Azərbaycanda müəyyən bir məbləğə, təxmini 100-200 min manat civarında mənzil aldıqda, yaşayışla və vətəndaşlıqla bağlı sənədlər əldə edə bilər. Son dövrlər müşahidələrimizə əsasən görürük ki, mənzilləri daha çox şirkət sahibləri, burada biznes quran şəxslər alırlar”.
Ekspertin sözlərinə görə, əcnəbilərin ölkəmizə axın etməsinin, burada məskunlaşmaq istəməsinin səbəbi Azərbaycanın təhlükəsiz ölkə imici qazanmasıdır:
“Xarici ölkələrdə yaşayan, vətəndaşlıq alan həmvətənlərimizin də daşınmaz əmlak bazarına investisiyası müşahidə olunur. Son vaxtlar isə daha çox Türkiyə və Ukrayna vətəndaşlarının əmlak almaq istəyinin şahidi oluruq. Xüsusilə Ukrayna vətəndaşları çox yatırım edirlər. Şəhərimizin inkişafı, sabitliyi, ictimai asayişin qorunması, Azərbaycanın təhlükəsiz ölkə kimi imic qazanması əcnəbilər üçün əsas faktorlardandır”.
Əcnəbilərin Azərbaycanda daşınmaz əmlak bazarına sərmayə qoymasının iqtisadi faydaları çoxdur. Millət vəkili Vüqar Bayramlı deyir ki, əmlak bazarına investisiyaların cəlb edilməsi real sektora sərmayə qoyuluşu baxımından vacibdir. Millət vəkili vurğulayır ki, inkişaf etmiş ölkələrdə əmlak bazarındakı dəyişiklik makroiqtisadi vəziyyətə təsir göstərən faktorlardandır:
“İnkişaf etmiş ölkələrdə baş makroiqtisadi vəziyyəti təyin edərkən əmlak bazarındakı indeksdən istifadə olunur. O indeksə uyğun olaraq iqtisadi vəziyyətin qiymətləndirilməsi həyata keçirilir. Əmlak bazarına sərmayə cəlbi müsbət amildir. Bu, həm də real sektora olan investisiyadır. Əcnəbilərin daşınmaz əmlak bazarına olan marağı göstərir ki, əmlak bazarı cəlbediciliyini qoruyub saxlayır”.
Millət vəkili vurğulayır ki, xarici sərmayənin əmlak bazarına cəlbi bütövlükdə iqtisadiyyatın bundan faydalanmasına gətirib çıxarır:
“Bu kontekstdə əmlak bazarında sərmayə qoyulmasının genişləndirilməsi vacibdir. Amma bu sərmayələr passiv olmamalıdır. İnvestisiyanın sonradan real sektora, xüsusilə də inşaat sektoruna daxil olması çox vacibdir. Bu baş verərsə, bütövlükdə iqtisadiyyatın faydalanmasına gətirib çıxarır. Əmlak bazarına daha çox sərmayənin cəlb edilməsi pozitivdir və bu bazarın dayanıqlılığını və cəlbediciliyini göstərən faktorlardan biridir”.
Əcnəbilərin əmlak bazarında yer tutmasının qiymətləri bahalaşdırması məsələsinə gəldikdə isə inşaat eksperti Elnur Azadov deyir ki, ötən il bazarda qiymətlər ciddi şəkildə bahalaşdı:
“Azərbaycan müstəqillik əldə etdikdən sonra daşınmaz əmlak tarixində ən böyük axın Rusiya-Ukrayna müharibəsinin başlanğıc dövrünə düşdü. Həmin ərəfədə də tikinti şirkətləri qiymətləri qaldırmağa başladılar. Bu, bazara ciddi şəkildə təsir etdi. Bazarda olan tikinti şirkətlərinin 20-30 faizi böyük axın olacağını düşünürdü. Üstəlik, o vaxt inşaat materiallarının qiyməti qalxır, inşa olunan binaların sayı da bir o qədər çox deyildi. Yəni rəqabət yüksək olmadığına görə, onlar qiymətləri müvəqqəti qaldırdılar. Bu təxminən, keçən il oldu. Ondan sonra qiymətlər yavaş-yavaş aşağı düşdü. Bu kimi fors-major hallar olmasa, 30 illik dövrdə əcnəbilərin Azərbaycan bazarından ev alması qiymətlərə ciddi təsir etməyib”.