Yekun sülh sazişinə açıq şəkildə mane olmağa çalışan qüvvələr var – Gizli məqamlar…
Danışıqlar prosesində irəliləyişi dayandırmaq və yekun sülh sazişinin imzalanmamasına çalışan açıq şəkildə qərarlı qüvvələr var.
Bu barədə sualları cavablandırarkən Amerikalı analitik İrina Tsukerman deyib.
“Əgər Paşinyan öz müdafiə nazirliyini rəsmi xarici siyasət xətti ilə apara bilmirsə, nəzarət edə bilmirsə bu, sülh sazişinin və danışıqların gələcəyi üçün yaxşı heç nə vəd etmir. Bakı heç vaxt bu cür təxribatlara güzəştə getməyib. Ona görə də erməni qruplaşmaları bu yolla nə isə əldə edə biləcəklərini düşünürlərsə, yanılırlar”, – deyə o bildirib.
Politoloq həmçinin əlavə edib ki, Ermənistan heç kimin həqiqətən məsul olmadığı, parçalanmış dövlətdirsə, bu, Paşinyanın irəli sürdüyü və ya imzaladığı hər hansı vədlərin, razılaşmaların və siyasətin təhlükəsizliyini aşağı salır.
“Keçirilən bütün danışıqlara baxmayaraq, bu təxribatların niyə baş verdiyinin cavabı hələ də sirr olaraq qalır. Danışıqlar prosesi zamanı hələ də davam edən sərhəd təxribatlarının necə mümkün olduğunu birbaşa öyrənməyin vaxtı çatıb”, – deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar.Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Qeyd edək ki, hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Bildirilib ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq./trend.az