Ukrayna sərt müqavimətlə üzləşib– “Ağ Ev müharibəni dondurmağa hazırlaşır”

 

Ukrayna Prezidenti Volodimir Zelenski əks-hücum zamanı çox sərt müqavimətlə üzləşdiklərini etiraf edib.

“Çünki Rusiyanın Ukraynada bu kampaniyanı uduzması əslində müharibəni uduzması deməkdir”, – Zelenski NBC News telekanalına müsahibəsində deyib.

Cəbhə xəttindən gələn xəbərlər “ümumiyyətlə müsbət, lakin ağırdır” deyən Ukrayna Prezidenti əlavə edib ki, yeni Qərb silahlarının, məsələn, qırıcı təyyarələrin yavaş-yavaş çatdırılması Rusiyanın müdafiəsinə kömək edir.

“Biz vaxt itiririk, insanları itiririk və ən əsası, üstünlüyü itiririk”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, Ukrayna əks-hücum əməliyyatına hələ başlamayıb və Rusiya ordusunun müdafiəsində zəif cəhətləri aşkar etmək üçün əməliyyatlar həyata keçirir.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, Ukrayna qoşunları üç istiqamətdə – Baxmut bölgəsində və cənub cəbhəsində iki yerdə bir kilometrə yaxın irəliləyiblər. Malyar bu irəliləyişin nə qədər müddətdə baş verdiyini dəqiqləşdirməyib. Ancaq etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri güclü müqavimətlə və rusların insan və texnika sayında üstünlüyü ilə üzləşib.

Dünən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son bir həftə ərzində həyata keçirilən əks-hücum zamanı 7 yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb. Hərbçilərin məlumatına görə, Ukrayna öz ərazisinin 103 kvadrat kilometrinə nəzarəti bərpa edib.

Rəsmi olaraq, Ukrayna Baş Qərargahı son aylarda hazırlıq görülən genişmiqyaslı əks-hücum əməliyyatına keçid barədə açıqlama verməyib. Eyni zamanda, bir çox ekspertlər Ukraynanın hələ də əsas qüvvələri döyüşə çıxarmaması ilə razılaşırlar.

Rusiya Müdafiə Nazirliyi isə iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu iyunun 4-də başlayıb və minlərlə insan həlak olub, yüzlərlə zirehli texnika məhv edilib. İyunun 9-da Vladimir Putin bildirib ki, əks-hücum zamanı Rusiyanın itkiləri Ukraynanın itkilərindən on dəfə az olub və Ukrayna heç bir yerdə uğur qazanmayıb. Putin heç bir rəqəm göstərməyib.

Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirib ki, daha böyük itkilər Rusiyaya məxsusdur.

Hazırkı hücum zamanı hər iki tərəfin itkilərinin miqyasını müstəqil qiymətləndirmək hələlik mümkün deyil. Qərb rəsmiləri ümumilikdə Ukrayna hücumunun inkişafına müsbət yanaşırlar, lakin əməliyyatın çətin olacağı və uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.

“Washington Post” Ukrayna rəsmilərinə istinadən yazır ki, Ukrayna əks-hücum əməliyyatını gecikdirə bilməz, çünki Kiyev soyuq havalar başlamazdan əvvəl irəliləyiş əldə etmək niyyətindədir. Qəzetin həmsöhbətləri qeyd ediblər ki, hücum hərəkətləri çoxlu sayda insan və texnikanın itkisinə səbəb olacaq. Onların fikrincə, vəziyyət işğalda olan Ukrayna ərazilərinə dərin zərbələr endirmək üçün Qərb təyyarələrinin və uzaqmənzilli artilleriyasının olmaması ilə daha da ağırlaşır.

Bundan əvvəl “Politico” xəbər vermişdi ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası hadisələrin inkişafı üçün mümkün ssenarilərdən biri kimi hərbi münaqişənin illər və hətta onilliklər ərzində dondurulmuş mərhələyə keçməsini nəzərdən keçirir. Nəşrin mənbələrinə görə, nə Kiyevin, nə də Moskvanın məğlubiyyətini etiraf etməyə meylli olmadığını və Ukraynanın əks-hücumunun Rusiyaya ölümcül zərbə vurmayacağını nəzərə alsaq, bu ssenari ən real ola bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password