Ermənistanda müzakirə edilən dövlət gerbi: Etiraf olunan reallıqlar
“Ermənistanda dövlət gerbi ilə bağlı məsələnin müzakirəsi təsadüfi deyil”.
Bunu Ermənistanda yaşayan politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.
O, iki il bundan əvvəl Türkiyənin Ermənistan qarşısında konkret tələblər irəli sürdüyünü xatırladıb. Politoloqun iddiasına görə, həmin şərtlər aşağıdakılardır:
Zəngəzur dəhlizinə ermənilərsiz nəzarət; Ermənistan konstitusiyasını dəyişmək; Ermənistanın dövlət gerbini dəyişmək və oradan Ağrı dağını (ermənilər Ararat deyirlər – red.) çıxarmaq; “erməni soyqırımı”nın tanınmasından imtina etmək; “soyqırımı qurbanları”nın xatirə kompleksini sökmək; məktəb dərsliklərində bununla bağlı dəyişikliklər etmək; məktəblərdə türk dilinin tədrisini məcburi qaydada tətbiq etmək və s.
Politoloq qeyd edib ki, bir sözlə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonun ermənilərə məsləhət verdiyi kimi, stereotiplərdən imtina etmək təklif olunub.
Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti olmadığını bildirib: “Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə aidiyyəti var?”
Paşinyan qeyd edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar.
Yeri gəlmişkən, Nikol Paşinyan bu il mayın 22-də keçirdiyi mətbuat konfransında Ağrı (Ararat) və Alagöz (Araqats) dağları mövzusu ilə bağlı sualı cavablandırarkən demişdi ki, Ermənistan, həqiqətən də, “Ararat”la bağlı Türkiyədən müəyyən siqnallar alır:
“Türkiyədən gələn siqnalları bir kənara qoyaq. İlk növbədə özümüz haqqında danışmalıyıq. Ararat və Araqatsdan danışanda mən suveren ərazi olan ərazini və Ermənistanın suveren ərazisi olmayan ərazini nəzərdə tuturam. Araqats Ermənistan Respublikasındadır, Ararat isə burada yerləşmir. Türkiyəyə gəlincə, bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşıdır? Əlbəttə, yaxşı. Yox, dediklərimdə yenilik yoxdur, hökumətin 2021-ci il proqramında yazılıb.
Mən uşaqlarla görüşəndə müxtəlif mövzularda danışırıq. Ermənistan Respublikasında ən hündür dağ hansıdır deyə soruşanda uşaqların ən azı yarısı və ya daha çoxu belə cavab verir: “Ararat”. Gəlin, buna digər tərəfdən baxaq. Türkiyədə deyirlər, dayanın, “Ararat” Türkiyənin beynəlxalq səviyyədə tanınan ərazisindədir. Məncə, bu bir faktdır. Ermənistanda uşaqlar bu məlumatı necə öyrənirlər – məktəbdə, yəni hökumətin həyata keçirdiyi təhsil siyasəti nəticəsində? Deyirlər: “Yaxşı, əgər bu uşaqlar indi Ermənistanda ən yüksək dağın Araqats deyil, “Ararat” olduğunu deyirlərsə, bu, Ermənistan Respublikasının Türkiyəyə qarşı ərazi iddialarının olması deməkdirmi? Onun Ankaraya qarşı ərazi iddiaları varsa, o zaman biz nə üçün Ermənistan Respublikasının hər hansı formada inkişafını dəstəkləyib, təşviq etməliyik? Əksinə, onları məhv etmək üçün hər şeyi etməliyik”. İndi sual olunur: Ermənistanın ən hündür dağı hansıdır – Araqats? Bu isə Ermənistan Respublikasına inkişaf imkanı verəcək siyasətdir. Qalan hər şey, fərqli siyasət Ermənistanı məlum tarixi dövrəyə salır, bunun sonunda imperiyaların dağılması və möhkəmlənməsi nəticəsində bir yaradılış əldə edilir – bir çox hallarda, hətta öz iradəsindən asılı olmayaraq dövlətin itirilməsinədək”.
Qeyd edək ki, Türkiyənin bir hissəsi olan Ağrı dağının ən yüksək zirvəsi – Böyük Ağrının hündürlüyü 5 137 metrə çatır. Paşinyanın adını Araqats kimi çəkdiyi Qərbi Azərbaycandakı Alagöz dağının ən hündür zirvəsi isə 4 090 metrdir.
Ermənistan Rəssamlar İttifaqının keçmiş sədri Karen Aqamyan isə müsahibəsində bildirib ki, Ermənistanın dövlət gerbində 30-a yaxın səhv var və onları düzəltmək lazımdır.
Bunlar bir daha uzun illər ermənilərə yanlış düşüncənin təbliğ olunduğunu təsdiqləyir. Ehtimal etmək olar ki, ermənilər artıq bu reallığı qəbul etməyə başlayıblar.
Yeri gəlmişkən, 2019-cu ilin oktyabrında Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyirdi, ancaq 2023-cü ildə “Qarabağ Azərbaycandır” söylədi./report.az