BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edilib
BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edilib.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Baş Assambleyasının “Sülh mədəniyyəti” gündəliyinə həsr olunmuş plenar iclasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalından danışıb.
“30 ilə yaxın davam edən münaqişə və işğal zamanı, Ermənistan tərəfindən əvvəllər işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsi talan edilib, dağıdılıb və vandalizmə məruz qalıb. Faktlar həqiqətən şokedicidir və bunlardan bir neçəsini qeyd etmək kifayətdir.
Əvvəllər qəsb olunmuş ərazilərdə 67 məsciddən 64-ü məhv edilib, işğal zamanı məscidlərin donuzlar və inəklər üçün qəsdən axır kimi istifadəsi simvolik olaraq təhqir kimi nəzərdə tutulub”.
Səfir qeyd edib ki, üstəlik, müharibənin 2020-ci ilin payızında başa çatmasına baxmayaraq, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabrın 7-də qəbul etdiyi “irqi ədavətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsi” tapşırığına açıq-aşkar məhəl qoymayıb. Belə ki, hələ də Ermənistanda fəaliyyət göstərən təşkilatlar və fizik şəxlər anti-Azərbaycan nifrətini qızışdırmaqda davam edir.
Diplomat Ermənistan nümayəndəsinin səsləndirdiyi qüsurlu və yalan iddialara da cavab verib. Y.Əliyev bildirib ki, Ermənistan təmsilcisinin yalan və nifrət dolu iddiaları onun ölkəsinin diskursunda nifrət, dözümsüzlük və yalanın nə dərəcədə üstünlük təşkil etdiyini və bunun regional sülh, təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaratdığını ortaya qoyur: “Ermənistanın 200 mindən çox azərbaycanlını tarixi Vətənindən qovmaqla, Azərbaycana qarşı təcavüz həyata keçirib və ölkəmin suveren ərazisinin böyük bir hissəsini işğal edərək, etnik təmizləməyə məruz qoyub. Bu gün Ermənistandan etnik zəmində nifrət və ayrı-seçkilik ittihamlarını eşitmək ironikdir. Erməni uşaqlarına məktəbdə erkən yaşlarından antiazərbaycan stereotipləri öyrədilir və bu geniş şəkildə qəbul edilən stereotipə çevrilir”.
Diplomat çıxışında Azərbaycanın sülh mədəniyyətinin təbliğinə böyük əhəmiyyət verdiyini, milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirdiyini və Azərbaycanın müxtəlif təşəbbüsləri uğurla həyata keçirdiyini bildirib. Y.Əliyev bu məqsədlə BMT-nin Qadınlar Təşkilatı və Siyasi və Sülh Quruculuğu Məsələləri Departamenti ilə Azərbaycan hökuməti birgə reallaşdırdığı layihələrdən bəhs edib.