Azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyəti müzakirə edilib
Türkiyə ilə iqtisadi əlaqələrin dinamik inkişafı, işğaldan azad edilmiş ərazilərimizdə türk şirkətlərinin fəaliyyəti və ticarət tərəfdaşlığının perspektivləri barədə müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazir Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Ömer Bolatla görüşüb. Mikayıl Cabbarov türkiyəli həmkarı Ömər Bolatı Türkiyə Respublikasının ticarət naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında imzalanan Protokol iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradır. Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir, qeyri-neft ticarət dövriyyəsi artır. Vurğulanıb ki, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı dərinləşdirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir.
Nazir həmçinin, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, qardaş Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Türkiyənin ticarət naziri Ömer Bolat səmimi təbrikə görə təşəkkürünü bildirib, ortaq dəyərlərə malik olan ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb.
Tərəflər birgə reallaşdırılan layihələr, işğaldan azad edilmiş ərazilərimizdə türk şirkətlərinin fəaliyyəti və ticarət tərəfdaşlığının perspektivləri barədə müzakirələr aparıb.