Əliyevlə Ərdoğanın müzakirə portfeli qlobal tablo fonunda: Yeni qələbənin anonsu verildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra ənənəvi olaraq Şimali Kipr Türk Respublikasına və Azərbaycana səfər etdi.
Ərdoğanın Azərbaycana səfəri dövlət səfəridir, bu, münasibətlərin, əlaqələrin ən üst səviyyəyə çıxarılması üçün bir nümunə və addımdır, yaxın zamanlarda məsələnin rənginin açılıb daha aydın bir mənzərə yaratdığını görə bilərik.
Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları, liderlərin müzakirələri, masadakı mövzuların ictimailəşdirilməyən tərəflərinə işıq salmaq üçün Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, bunun regional güc nisbətinə təsirləri haqqında düşünmək lazımdır.
Bakı-Ankara müştərək maraqlarının gələcəkdəki ifadəsini qeyd etmək üçün ilk olaraq Türkiyənin beynəlxalq lövhədə yerləşdiyi damalar haqqında mülahizə yürütmək lazımdır.
I
Türkiyə digər regional güclərdən fərqli olaraq NATO üzvüdür, üstəgəl Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Bu balanslaşdırma aktı Ankaraya imkan verir ki, qlobal güclərin regionlar üzrə muxtariyyət axtarışlarını mübahisəli edib onların nəhəng ambisiyaya çevrilməsini neytrallaşdırsın.
II
Türkiyənin əzəmətliliyi vaxtı ilə Osmanlı imperiyasının bərqərar olduğu ərazilərdə miras qalan tarixə, mədəniyyətə, onların siyasətə təsirlərinə sahib çıxmaq prinsiplərinə söykənir. Bu, Ankaranın regional və beynəlxalq aktor olmasının mənəvi tərəflərini gün işığına çıxarır.
III
Türkiyə özünün iddialı gündəliyini genişləndirmək məcburiyyətindədir, çünki onun yerləşdiyi və maraqlarının yüksəldiyi regionların mənzərəsi bulanıqdır, qanlı-qadalı proseslərə ədəbi hamilə vəziyyətdədir.
Deməli, Türkiyə xarici siyasətində qlobal güclərdən birinin tərəfinə əyilməyi deyil, hər tərəflə oynamaq – həm gərginlik, həm də yumşalma – prinsipini seçməkdə faydalı təhlükəsizlik arxitekturası qurmaq əzmini nümayiş etdirir.
Ərdoğanın Azərbaycana səfərinin kontekstinin konseptual açılışının təsvirini sadalanan müddəalarda axtarmaq lazımdır, hər ümumi bənd isə detallar, həmin detallar isə başqa təfərrüat doğurur.
Ankara Rusiya-Ukrayna müharibəsinin qlobal nizamı formatlamaq perspektivi ilə özünün Yaxın Şərq, Mərkəzi Asiya, Avropa, Afrika, Cənubi Qafqaz regionlarındakı maraqlarını bərkitmək arasında tənasüb qurur.
Bir çox güc kimi, Ankaranın da geniş paketli siyasətinin Cənubi Qafqazda əks-sədaları doğur və o, strateji müttəfiqi Azərbaycanla əlaqələrinin regional çərçivələrini böyüdür.
Yeri gəlmişkən, Çinin qlobal taxtda hökmranlıq iddialarını reallaşdırmaq üçün yürütdüyü genişlənmə siyasətinin Yaxın Şərq xətti qabarıqlaşır, sözsüz ki, bu, daha böyük coğrafiyanı da əhatə edəcək.
Türkiyə və Azərbaycan Çinlə münasibətləri gərginləşdirə biləcək strateji cəbhələrdə yer almaqdan qaçırlar, Türk Dövlətləri Təşkilatındakı maraqlardan tutmuş, nəqliyyat-logistika potensialları Çin təqvimi ilə uyğunlaşır.
Yaxın Şərqdə şişən Çin maraqları onun rəqibləri üçün ciddi siqnaldır, yəqin ki, onlar Pekinin Cənubi Qafqaz coğrafiyasındakı əzələlərini sıxmağa çalışacaqlar.
Azərbaycanla Türkiyə nəhənglərin formalaşdırdığı qarşıdurma səhnəsində immunitet yarada biləcək müştərək obrazlardır və onlar həm Rusiya, həm Qərb, həm Çin, həm ərəb ölkələri, həm İsrail vasitəsilə tarazlaşdırıcı mexanizm ərsəyə gətirirlər.
Əliyevlə Ərdoğanın müzakirə portfelini qlobal oyun qaydalarındakı dəyişən rollar kontekstində qiymətləndirəndə regionun uzunmüddətli təhlükələrdən sığortalanmadığını da canlandırmalıyıq.
Uzunmüddətli təhdidlərin əbədiyaşar olmaması üçün Azərbaycanla Türkiyə manevr imkanlarını genişləndirməli və bunun üçün regionda sürətli əməliyyatlara başlamalıdırlar.
Məsələnin bu nöqtəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması proqramını, bu gündəliyə xələl gətirən kənar müdaxilələri, İrəvanın bundan ruhlanıb sürüşkən mövqedə dayanmasını vurğulamaq lazımdır.
Bu gün təhlükələrin sovuşması üçün Azərbaycanla Türkiyə vahid strategiya ilə açıq qalan mövzuları yoluna qoymalıdırlar ki, perspektiv üçün “istehkamlarını topdağıtmaz qala vəziyyətinə” gətirsinlər.
Bunun yollarından biri Ermənistanı Zəngəzur dəhlizi layihəsinə razı salmaq, bu mümkün olmadıqda isə fərqli məcburetmə əməliyyatlarını dövriyyəyə salmaqdır.
Əliyevlə Ərdoğan Zəngəzur dəhlizi layihəsini regional vəziyyəti və təhlükəsizlik qaydalarını kökündən dəyişə biləcək geostrateji həmlə hesab edirlər. Bu mənada Əliyevin Ərdoğanla birgə mətbuata bəyanatında “Zəngəzur dəhlizinin açılması qaçılmazdır” deməsi, bunun fonunda isə “bizi yeni uğurlar və qələbələr gözləyir” mesajı, Ərdoğanın onun fikirlərinə qüvvət olaraq səsləndirdiyi mövqe aparılan müzakirələrin təhlükəsizlik istiqamətlərini göstərir.
Türkiyədəki prezident seçkisinin nəticəsindən sonra regional nizamda yerdəyişmələr gözlənilir, Azərbaycan və Türkiyə burada maraqlarını müxtəlif qlobal oyunçular arasında məharətlə qurmaq çağırışı ilə qarşı-qarşıyadırlar.
Gözlənilə biləcək kritik dinamika Azərbaycanla Türkiyəyə qarşı proksi qüvvələri də tərpədə bilər, burada nəzər yetirəcəyimiz nöqtələrdən biri Ankaranın PKK terror təşkilatına qarşı mübarizəsini şiddətləndirmə fazası ilə əlaqəlidir.
Türkiyə növbəti illərdə PKK-nın Yaxın Şərqdəki özəklərini, dayaqlarını uçuruma yuvarlamaqda israrlıdır, ancaq PKK kartı başqa regionlarda da istifadə oluna bilər.
Strateji müttəfiqlikdən irəli gələrək Azərbaycanla Türkiyə bir-birinə dəstək verməlidirlər ki, təhlükəsizlik qazanına zəhər tökülməsinin qarşısını alsınlar, ona görə də Ankara Suriya, İraqdakı anti-PKK hərəkatı ilə ona rəqib olanları zəiflətməyi və həmin oyunçuları Cənubi Qafqazda zəif bənd durumuna salmağı hədəfləmək planına sahib ola bilər.
Deyilənlərdən gəlinə biləcək nəticə:
– Ərdoğanın səfəri Azərbaycan-Türkiyə ikilisinin geosiyasi tarazlıq aktında strateji müttəfiqliyinin yerini təyin etməkdən ötrü vacibdir;
– Zərurət yaranır ki, Azərbaycan-Ermənistan münasibətlərində özünü göstərən qeyri-müəyyənlik aradan qaldırılsın və bu, Zəngəzur dəhlizinin parametrlərində özünü göstərsin;
– Azərbaycanla Türkiyə qlobal aktorların regiondakı kartlarının tuza çevrilməməsi üçün birgə müdafiə mexanizmlərini təkmilləşdirəcəklər./oxu.az