Şoyqu “Vaqner”ə vaxt qoydu! – Priqojin isə Müdafiə Nazirliyinin əmrini rədd edir
“Priqojin Bəşər Əsəd və Lukaşenko kimi qorunur…”
Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə “Vaqner” başçısı Yevgeni Priqojin arasında xeyli müddətdir davam edən qarşıdurma növbəti və demək olar, ən təhlükəli mərhələyə qədəm qoyub.
Rusiya mətbuatı və tekekanalları ölkənin Müdafiə naziri Sergey Şoyqunun yeni əmrini yayımlayıb. Həmin əmri Müdafiə Nazirliyinin yüksək rütbəli generalları elan ediblər. Bu əmrə görə, iyulun 1-nə qədər bütün könüllü dəstələr, hərbi birləşmələr Müdafiə Nazirliyilə müqavilə imzalamalı və onun tabeliyinə keçməlidirlər. Əmrdə konkret adlar çəkilməsə də, onun xüsusi olaraq, Yevgeni Priqojinin başçılıq etdiyi “Vaqner”-ə aid olduğu heç kimdə şübhə doğurmur. Çünki Rusiya Müdafiə Nazirliyi indiyə qədər öz məlumatlarında “Vaqner PMC”-nin döyüşçülərini “könüllülər” adlandırıb və hal-hazırda nazirliyin tabeliyində olmayan, əksinə, onunla baş-başa qarşıdurmada olan yeganə “könüllü dəstə” “Vaqner”dir. Ona görə də, demək olar, bütün müşahidəçilərin fikrincə, bu qərar Priqojini rəsmən nəzarətə götürmək və nazirliyə tabe etdirmək məqsədi daşıyır. Əgər bundan sonra Priqojin Şoyqunun əmrinə riayət etməsə, bu, rəsmi dövlət qurumuna, deməli həm də dövlətə qarşı itaətsizlik, hətta üsyan kimi qəbul oluna bilər…
Ancaq belə görünür ki, Şoyqunun əmri Priqojini az narahat edir. Artıq “Vaqner” başçısı nazirin əmrinə tabe olmayacağını və “Şoyqu ilə heç bir müqavilə bağlamayacağını” bəyan edib. Priqojin “Vaqner”-in fəaliyyətini “Silahlı Qüvvələrin komandirləri ilə əlaqələndirdiyini” və onun ordu ilə müqayisədə daha effektiv hərbi birləşmə olduğunu bildirib: “Təəssüf ki, əksər hərbi hissələrin belə səmərəliliyi yoxdur və bu, məhz Şoyqunun hərbi birləşmələri normal idarə edə bilməməsi ilə bağlıdır. Bu əmrdən sonra nə baş verə bilər – bizə silah və sursat verilməyəcək? Biz bunu anlayacağıq, necə deyərlər, göy gurultusu başlayanda onlar qaçaraq gəlib silah və sursat gətirəcək, kömək” istəyəcəklər… “Vaqner” Şoyqu ilə heç bir müqavilə imzalamayacaq”.
Priqojin “Vaqner”-in ordu generalları ilə əlaqəli şəkildə fəaliyyət göstərdiyini deyərkən, general Sergey Surovikinin adını çəkib və onu tərifləyib. Bu isə “Vaqner” başçısının Surovikin ilə yaxınlığı barədə indiyə qədər deyilənləri bir daha təsdiqləyib.
Göründüyü və gözlənildiyi kimi, Priqojin Müdafiə Nazirliyinə və onun rəhbərlərinə tabe olmağı heç ağlına da gətirmir. Bu isə müharibənin xüsusilə indiki ağır dönəmində – Ukrayna əks-hücumunun yavaş-yavaş sürət aldığı bir vaxtda Rusiya ordusundakı daxili çəkişmələri artıra və silahlı qüvvələrin onsuz da çox aşağı olan motivasiyasını daha da zəiflədə bilər. Ancaq buna baxmayaraq, nə Şoyqu, nə də Priqojin bu təhlükələri vecinə də almadan, qarşıdurmanı daha da qızışdırmaqla məşğuldurlar. Bu isə əksər müşahidəçilərin fikrincə, Vladimir Putinin doğrudan da hakimiyyətə və orduya nəzarəti itirdiyinin növbəti əlamətidir.
Məlum olduğu kimi, nə nazir Sergey Şoyqu, nə də Baş Qərargah rəisi Valeri Gerasimov indiyə kimi Priqojinin çoxsaylı təhqirlərini ictimaiyyət qarşısında şərh etməyiblər. Ancaq görünür, onlar bu qarşıdurmanı rəsmi müstəviyə çıxararaq, məsələyə hüquqi status verməyə, Priqojini rəsmən dövlətə qarşı itaətsizlik göstərən, üsyan təşkil edən cinayətkar obrazında təqdim etməyə və onun barəsində qanun çərçivəsində ölçü götürülməsini təmin etməyə çalışırlar.
Məsələ ondadır ki, müşahidəçilərin fikrincə, Şoyqu belə bir əmri Putinlə razılaşdırmadan verə bilməzdi. Yəni, təşəbbüs Şoyqudan gəlsə də, buna Putinin razılığı olmalı idi. Odur ki, “Vaqner” başçısının seçim qarşısında qoyulmasının və tabe etdirilməsi cəhdinin arxasında Putinin durduğu istisna edilmir.
Yeri gəlmişkən, məşhur araşdırmaçı jurnalist Xristo Qrozev son müsahibəsində Priqojinin böyük ölçüdə Kremlin nəzarətindən çıxdığını və “öz əlinə oynadığını” bildirib. Qrozev deyib ki, Ukrayna tərəfindən daha çox Kremldən təhlükə gözləyən Priqojinin şəxsi təhlükəsizliyi Suriya başçısı Bəşər Əsəd və Belarus Prezidenti Aleksandr Lukaşenko qədər yüksək səviyyədə qorunur və bunu onun özü təşkil edib: “O, öz istəklərinin, hədəflərinin “agentidir”. O, əvvəlcə Müdafiə Nazirliyinin və Federal Mühafizə Xidmətinin (Putinin, yüksək rütbəli məmurların, strateji dövlət obyektlərinin və s. təhlükəsizliyinə cavabdeh orqan-red.) Putinə yaxın olan zabitlərinin layihəsi idi… İndi isə o, öz layihəsidir. Ötən illər ərzində onun özünə inamı xeyli güclənib. Müharibənin əvvəlində onun əlindən “Vaqner” layihəsini oğurlamaq istədilər. Ancaq alınmadı və gördülər ki, onsuz olmur. Məhz həmin vaxt o, öz istəklərinin və hədəflərinin “agenti” oldu və indi də belə davam edir. Onun ən yaxın adamları da deyirlər ki, Priqojinin nə edəcəyini, hara gedəcəyini bilmirlər. Onlar deyirlər ki, Priqojin “Kremlə gedin” desə, biz gedəcəyik. Onlar bunu mümkün hesab edirlər. Odur ki, Priqojin hazırda Putinin, yaxud FTX-nın layihəsi deyil… Əgər Ukrayna əks-hücumu uğurlu alınsa, məsələn, onminlərlə rus əsgəri mühasirəyə düşsə, məhv edilsə, Priqojin daxili vətəndaş müharibəsini körükləyə bilər. Onun həddindən artıq güclü şəxsi mühafizə sistemi var – Bəşər Əsəd, Lukaşenko qədər. Onun mühafizəsi çalışır ki, onu ukraynalı diversantlarla yanaşı, öz rəqiblərindən də tam qorusun. Onun azı 10 min yaxşı motivasiyalı və hərtərəfli təchiz olunmuş muzdlu döyüşçüsü var. Məsələ ondadır ki, bu ordu say etibarilə az olsa da, Kremlin lazım olan anda özünü müdafiə üçün çıxara biləcəyi ordudan qat-qat effektiv və funksionaldır”.
Beləliklə, göründüyü kimi, Rusiya silahlı qüvvələrini bir tərəfdən Ukrayna əks-hücumu, digər yandan isə generallarla Priqojinin didişməsi əldən salır. Bu isə onsuz da məğlubiyyətə məhkum olan işğalçı ordunun Ukraynadakı acınacaqlı sonluğunu bir qədər də yaxınlaşdırır.