İnflyasiya faizi 13,5-dir, yoxsa daha çox? Bizi nələr gözləyir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında belə bir fikir səsləndirilib ki, inflyasiya rəqəmləri statistikada olduğundan daha yüksəkdir. Süni qiymət artımına toxunularaq vurğulanıb ki, inflyasiyanın 13,9 faiz olduğunu deyirik, amma statistikaya baxırıq ki, təkcə dərman vasitələrində bu rəqəm 40 faizdir. Bir sahə üzrə faizin bu qədər yüksək olması, ümumi inflyasiya üzrə rəqəmlərin daha yüksək olduğunu deməyə əsas verir.
Bəs əslində iclasda söylənilənlər doğrudur, yoxsa statistikanın açıqladığı rəqəmlər? İnflyasiya rəqəmləri necə hesablanır? Hazırkı inflyasiya rəqəmləri ilə bizi nələr gözləyir?
İqtisadçı Xalid Kərimli açıqlamasında deyib ki, inflyasiya rəqəmləri realdır və düzgün şəkildə hesablanır:
“İstehlak indeksi qiymətlərinə baxdıqda yanvar və aprel aylarında 13,5 faiz inflyasiyanı görə bilərik. Ölkədə doğrudan da inflyasiya yüksəkdir. Ərzaq qiymətlərində isə bu daha yüksəkdir. Məsələn bu ilin 4 ayında ərzaq qiymətlərinin inflyasiyası, ümumi inflyasiyanı üstələyib. Ərzaq qiymətlərindəki inflyasiya 16,6 faizdir. Deputatın və ya hansısa şəxsin rəqəmlərin yalan olmasını güman etməsi, hansısa məhsul qrupunu və ya aldığı dərman qrupu üzrə bunu qiymətin bahalaşması kimi elan etməsi bir qədər yanlışdır. Çünki inflyasiyanın hesablanmasının ciddi metodologiyası var. Bu metodologiya da xarici təcrübəyə əsaslanır”.
İqtisadçı, həmçinin inflyasiya qiymətlərinin hesablanması qaydasını da ətraflı şəkildə izah edib:
“İstehlak qiymətləri indeksinin tərifi alıcının aldığı məhsullar və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmu dəyərinin ümumi dəyişməsidir. Burada bir məhsuldan söhbət getmir. Hansısa məhsulda daha sürətli inflyasiya müşahidə edilməsi də mümkündür. Azərbaycanda istehlak qiymətləri indeksi hesablananda 528 mal və xidmətin dəyəri hesablanır. Onun 151-i ərzaqdır, 274-ü qeyri-ərzaqdır, 103-ü isə xidmət sahəsidir. Burada insanların illik istehlak normaları götürülür.
Bunun üçün 2019-cu ildə çəkilər müəyyənləşdirilib ki, əhalinin istehlak xərcləri ilə əlaqədar hansı məhsuldan nə qədər istehlak edilib ona baxılsın. İstehlak normaları götürülür və həmin normalara görə keçən ilin bu vaxtı sərf edilən və bu il normaya uyğun olaraq çəkilən xərcə baxılır. Bunu 5283 ticarət məntəqəsi üzrə 500 mindən çox məhsul əsasında müşahidə edirlər. Bundan sonra məlumatlar hesablanır”.
Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar kifayət qədər əhatəlidir:
“Bu məlumatlar beynəlxalq metodologiyaya uyğundur və əsas kimi götürülə bilər. Hansısa məhsulu və ya məhsul qrupunu götürüb inflyasiya haqqında təsəvvür formalaşdıra bilmərik. 2000-ci illərdə Dövlət Statistika Komitəsinin məlumatları şübhə yaradırdı, ona görə bəzi qeyri-hökumət təşkilatları bir neçə il alternativ inflyasiya hesablamaları aparırdılar. Sonradan bu qənaətə gəldilər ki, verilən statistika kifayət qədər etibarlı informasiyadır”.
İqtisadçının fikrincə, gələn ildən inflyasiya birrəqəmli olacaq:
“İnflyasiyanın azalacağı proqnozlaşdırılır. Mərkəzi Bank ilin əvvəlində dedi ki, inflyasiya 7,9 faizə düşəcək. Amma bu günlərdə Mərkəzi Bank sədri elan etdi ki, yenidən hesablayıblar və indi inflyasiyanı 8,3 faiz gözləyirlər. İndiki 13,5-dən bir neçə faiz aşağı düşərək birrəqəmli olacaq. Hökumətin gözləntiləri budur. Qlobal miqyasda qiymətlərin düşməsi də inflyasiyanı aşağı salır. Pandemiyadan, Rusiya-Ukrayna müharibəsindən sonrakı qiymət artımı dönəmini geridə qoymuşuq. Gələn ildən inflyasiyanın hətta 6 faizə qədər düşəcəyi də gözlənilir. Mərkəzi Bankın məqsədi də inflyasiyanın 4 faiz civarında olmasıdır”.
X.Kərimli sonda qeyd edib ki, əhalinin inflyasiyadan əziyyət çəkməməsi üçün müəyyən addımların atılması vacibdir:
“Ötən il 22, bu il 17 faiz ərzaq inflyasiyası olub. Bu çox ciddi bir rəqəmdir. İnflyasiya əhalinin gəlirlərinin artımını üstələdiyinə görə insanların real alıcılıq qabiliyyəti də aşağı düşür. İnflyasiya xüsusən də əhalinin fiksasiya edilmiş gəlirli təbəqəsinə ciddi təsir göstərir. Sosial cəhətdən aşağı gəlirli təbəqələrə də mənfi təsiri danılmazdır. Hökumət həmin təbəqənin gəlirlərinin kompensasiyası haqqında düşünməlidir. Bunu minimum əməkhaqqının, pensiyaların artırılması şəklində etməlidir. Yəqin ki, bunu da növbəti ilin əvvəlindən etməyə hazırlaşarlar”. /oxu.az