Azərbaycan-Türkiyə qardaşlığı: Rəcəb Tayyib Ərdoğanın dövlət səfərinin məğzi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Azərbaycana dövlət səfəri edəcək. Türkiyə lideri növbəti dəfə prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edir və bu səfərin dövlət səfəri olması böyük əhəmiyyətə malikdir.

Belə ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında ilk sırada ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır.

Dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir.

Bildirək ki, Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik bazasının təməlini tarixi qardaşlıq əlaqələri təşkil edir. Hər iki dövlət istər daxili məsələlərdə, istərsə də beynəlxalq arenada həmrəylik nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq, qardaşlıq münasibətləri var. Onların şəxsi təşəbbüsləri də dövlətlər arasındakı əlaqələrə müsbət təsir edir.

Hər iki liderin münasibətləri Azərbaycan-Türkiyə əlaqələrini elə gücləndirib ki, bütün dünya bu müttəfiqliyə qibtə edir.

Türkiyə lideri ölkəsinin Azərbaycana sarsılmaz dəstəyini 44 günlük Vətən müharibəsində ifadə edib.

O, Türkiyənin Azərbaycanın yanında olduğunu deməklə bizə siyasi-mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan öz torpaqlarını hərbi güc yolu ilə azad etdikdən sonra kənar məkrli qüvvələr Türkiyənin xəbərdarlıqlarından dərs aldılar.

İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir.

Şuşa Bəyannaməsi isə iki ölkə arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir.

Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərir.

Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Azərbaycanla Türkiyə bir bədəndə iki candır. İki ölkə sevincli günlərdə sevinir, faciəvi günlərdə isə birlikdə kədərlənir. Bu ilin fevralında Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra dramatik mənzərə Azərbaycan xalqını da kədərləndirdi. Azərbaycan dövlət və xalq olaraq bütün imkanlarını səfərbər edərək qardaş ölkəyə yardım etdi.

Dəstək yalnız maddi və humanitar sferalarla məhdudlaşmayıb, eləcə də siyasi müstəvidə özünü göstərib.

Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib.

Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. Türkiyə də Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdilər.

Həmin vaxt Türkiyədə prezident seçkisi ərəfəsi idi. Azərbaycan ictimaiyyəti prezident seçkisində böyük çoxluqla Rəcəb Tayyib Ərdoğana birmənalı dəstək göstərdi.

Bu mütləq dəstəyin, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etməsini və onu yüksək səs faizi topladığına görə təbrik etməsini göstərə bilərik.

Türkiyədəki prezident seçkisinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti oldu.

Türkiyə prezidentinin inaqurasiya mərasimində Azərbaycan Prezidentinin və birinci xanımın iştirakı da xüsusi diqqət çəkdi. Çünki Türkiyə prezidenti və Türkiyə birinci xanımı Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xüsusi münasibət göstərdilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password