Azərbaycan Şərqlə Qərb arasında – “İkisi üçün də vazkeçilməzik”

 

“Hindistan dövlətinin Ermənistana silah satması və bu məsələ ilə bağlı mövqeyi təəssüf doğurur. Hindistan “soyuq müharibə” illərində hərbi bloklara qoşulmayan dövlətlərin siyahısında olub. Sovet İttifaqı ilə də isti münasibətləri vardı”.

Bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspert hesab edir ki, Hindistanın bu mövqeyi Azərbaycanın Pakistanla münasibətlərindən irəli gələ bilər:

“Azərbaycan BMT və digər təşkilatlarda Kəşmir məsələsində Pakistanla həmrəy olub. Bu da anlaşılandır. Əlbəttə, bu məsələdə Pakistanın mövqeyi beynəlxalq hüquqa zidd deyil. Çünki Pakistan uzun illər bu məsələnin referendum yolu ilə həllinə çalışıb. Bir sözlə, bu, Hindistanın Ermənistanın yanında yer almasının mühüm səbəblərindən biridir. Eyni zamanda, Hindistan Rusiya və Çinin yer aldığı BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətdir. Hindistan həm də birqütblü dünya nizamına qarşı çıxan nüvə dövlətidir və öz geosiyasi hədəfləri var. Bütün hallarda Hindistanın uzun illər Azərbaycan ərazilərini işğalda saxlayan bir dövlətlə yaxınlıq etməsi təəssüf doğurur. Zənnimcə, bu məsələni Hindistanla danışıb yoluna qoymaq lazımdır”.

Separatçıların Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağın dağlıq hissəsinə silah-sursat daşımaları barədə məlumatlara gəlincə, Elşən Manafov bunun həqiqiliyinə şübhəylə yanaşır. O, Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonra bunun mümkün olmadığını söyləyib.

“Azərbaycan Ermənistandan Qarabağa gələn yolda bir müddətdir sərhəd-buraxılış məntəqəsi qurub. Bu məntəqə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazidən cəmi 20 metr aralıdadır. Azərbaycan prezidenti Avrasiya İqtisadi Birliyinin Moskvadakı son toplantısında da Ermənistan baş nazirinin etirazına cavab olaraq bəyan etdi ki, orada sərhəd məntəqəsi qurmaq ölkəmizin suveren hüququdur, beynəlxalq hüquqa zidd deyil. Azərbaycan lideri onu da vurğuladı ki, bu addım İrəvanın iddialarının əksinə olaraq, Qarabağ ermənilərini təcrid etmək demək deyil, bütün humanitar yüklərin keçidinə maneə yaradılmır. Əgər buradan başqa təyinatlı yüklər daşınarsa, bunu önləmək Azərbaycanın suveren hüququdur və belə hallara qarşı lazımi tədbirlər də görülür. Hesab edirəm ki, Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra Ermənistandan ərazilərimizə qanunsuz silah-sursatın daşınması mümkün deyil”, – Elşən Manafov qeyd edib.

Politoloq hesab edir ki, Rusiya da Azərbaycanın öz sərhədində buraxılış-keçid məntəqəsi qurmasına sayğıyla yanaşır:

“Qənaətimə görə, indiyədək Rusiyadan buna görə Azərbaycana təzyiq olmayıb. Ermənistanı qıcıqlandıran da budur.

Digər yandan, Azerbaycan Şərqlə Qərb arasında böyük logistika imkanları olan bir dövlətdir. İndiki məqamda bu Rusiya üçün önəmli amillərdəndir. Yeri gəlmişkən, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması Azərbaycan üzərindən həyata keçiriləcək. Hindistanda da bilməmiş deyillər ki, Azərbaycan həm Avrasiya İqtisadi Birliyi, həm də Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətlərlə isti münasibətlərə malik dövlətdir.

Azərbaycan artıq müasir dünya nizamının çoxqütblü, yoxsa birqütblü olması ilə bağlı mövqeyini diplomatik mesajlarla çatdırıb. Rusiya ilə də, Qərblə də münasibətlərimiz bəllidir. Hər ikisi ilə elə bir münasibətlərimiz var ki, biri digərindən qıcıqlanmır”.

Ekspert Azərbaycanın Rusiya ilə müttəfiqlik haqqında bəyanat imzaladığını, Qərblə də enerji sahəsində strateji tərəfdaşlığın olduğunu xatırladıb. Elşən Manafov ölkəmizin həm Qərb, həm də Şərq üçün bir sıra aspektlərdən vazkeçilməz tərəfdaş olduğunu vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password