Türkiyədən yeni Azərbaycan siyasəti – Hakan Fidan işə başlayan kimi dərhal…
“Türkiyə Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi kimi yer alacaq”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert xatırladıb ki, Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan dünən ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib:
“Türkiyədə seçkilərdən sonra formalaşan yeni hökumətin dərhal ABŞ-la Azərbaycan-Ermənistan məsələsini müzakirə etməsi, Ankaranın prosesə vasitəçi kimi daxil olmasında maraqlı olduğunu və bunda israr etdiyini göstərir. Hesab edirəm ki, yeni xarici siyasət konsepsiyası qəbul edən və bunun dərhal icrasına başlayan Türkiyə buna nail olacaq. Türkiyənin bu rolu real sülhün əldə edilməsi prosesini sürətləndirəcək. Nikol Paşinyanın Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya gəlməsi də, Ermənistan baş nazirinin buna etiraz etmədiyini göstərir.
Zənnimcə, Türkiyənin prosesə vasitəçi kimi qoşulması sülh sazişinin tezliklə əldə edilməsini istəyən ABŞ-ın da maraqlarına uyğun olmalıdır. Hesab etmək olar ki, ABŞ bu yöndə Türkiyəyə dəstək də verə bilər. Çünki bu durumda Türkiyə Rusiyanın real danışıqları pozamsının qarşısını alacaq yeganə və ən güclü amil olacaq. İndi Rusiya cidd-cəhdlə Qərbi prosesdən kənarlaşdırmağa çalışır. Eyni zamanda, Qərbin əvəzinə Türkiyənin oyuna daxil olmasına Rusiya da etiraz etməz. Çünki ABŞ və Avropa Birliyi ilə müqayisədə Rusiya Türkiyə ilə daha tez dil tapa bilir”.
Məhəmməd Əsədullazadənin fikrincə, Türkiyə Cənubi Qafqazda sülhün əldə edilməsində əsas aktor ola bilər.
“Digər yandan, Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi də davam edir. Ermənistanın hazırkı rəhbərliyi bunda maraqlı görünür. Eyni zamanda, Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarında iştirakı Fransanın destruktiv siyasətinin qarşısını alacaq. Yeni geosiyasi çağırışlar və mövcud reallıq sülhün əldə edilməsini qaçılmaz edir”, – politoloq vurğulayıb.