Rus rublunun Rusiya ordusuna bənzəyən taleyi… – Rusiyanın milli valyutası Ukraynadakı işğalçı ordu kimi çökə bilər
Artıq üç gündür ki, Rusiya rublu xarici valyutalar qarşısında ardıcıl olaraq dəyər itirir.
Rusiya mətbuatının verdiyi xəbərə görə, iyunun 8-də rubl əvvəlki günlərlə müqayisədə daha kəskin şəkildə ucuzlaşıb. Artıq 1 ABŞ dollarının dəyəri 83 rubla yaxınlaşır. Hələlik 82,77 kimi göstərilən rəsmi məzənnə aprelin 5-dən bu yana ən yüksək göstərici sayılır. Ümumilikdə isə rubl dollara nisbətdə mayın 10-dan indiyə qədər 8.6 faiz dəyər itirib.
Məsələ ondadır ki, rubl təkcə dollar deyil, avro və yuan qarşısında da təxminən eyni səviyyədə zəifləyir. Mütəxəssislər hesab edirlər ki, qarşıdakı günlərdə rubl sürətlə ucuzlaşmaqda davam edəcək. Hətta Kremlə yaxın iqtisadçılar da etiraf edirlər ki, bu gedişlə rublun məzənnəsini sabit saxlamaq mümkün olmayacaq. Yaxın günlərdə məzənnənin 83.5-84 olacağı və bu tendensiyanın davamlı xarakter alacağı gözlənilir.
Qeyd edək ki, rublun bu dəyər itkisi hələ Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiya paketi qəbul edilməmiş özünü göstərməyə başlayıb. Məlum olduğu kimi, qurum bu məsələdə hələ ki, vahid mövqeyə gələ bilməyib. Lakin gözlənilir ki, yaxın zamanda 11-ci sanksiya paketi razılaşdırılacaq və bu, rublun bir qədər də ucuzlaşmasına səbəb olacaq.
Rusiya milli valyutasının məzənnəsinə təsir edən amillərdən biri də neftin dünya bazarındakı qiymətidir. Belə ki, hazırda xarici ölkələr sanksiya altında olan Rusiyadan nefti 53 dollara alırlar. Hətta bu qiymətin özü də aprelin əvvəlilə müqayisədə 9 faiz aşağıdır.
Yaxın zamanda rublun taleyini müəyyən edəcək önəmli beynəlxalq tədbir keçirələcəyi gözlənilir. Söhbət “çirkli pulların yuyulması”na qarşı mübarizə aparan beynəlxalq FATF təşkilatının iclasından gedir. Kremlə yaxın bankir Yevgeni Koqan etiraf edib ki, bu iclas Rusiya iqtisadiyyatının və rublun gələcək taleyini xeyli ağırlaşdıra bilər. Həmin iclasda Rusiyanın təşkilatın ən azı “boz siyahısına” salınacağı gözlənilir. Bu, o deməkdir ki, Rusiyanın bank ödəmə əməliyyatları indikindən də xeyli dərəcədə artıq məhdudlaşacaq, gecikmələr, bəzi hallarda isə bloklamalar olacaq. Ancaq məsələ bununla da bitmir. Təşkilatın bir də “qara siyahısı” var. Koqan deyib ki, “qara siyahıya” salınacağı halda, hansı ki, bu variant da uzaqda deyil, Rusiya iqtisadiyyatı və bank sistemi tamamilə “dəmir pərdə” arxasına çəkilməli olacaq.
Eyni zamanda, geosiyasi vəziyyət rublun dəyərinə olduqca ciddi mənfi təsir göstərməkdədir. Kaxovka SES-in partladılması, Belqoroddakı vəziyyət, eləcə də Ukraynanın artıq başladığı bildirilən əks-hücum əməliyyatı Rusiya valyutasının məzənnəsinə sarsıdıcı zərbələr vurur və hələ də Rusiya ilə işləyən bir çox xarici və daxili investorları təşvişə salır, onları investisiya yatırımından çəkindirir. Bu vəziyyət Rusiyada qalan xarici şirkətləri və investorları öz bizneslərini satıb, ölkədən çıxmağa və bu zaman əllərindəki rublları dollara çevirməyə vadar edir. Bu isə dollara tələbatı daha da artırır və rublu dəyərdən salır.
Beləliklə, hazırda müşahidə olunan mənzərə rus rublunun Ukraynadakı rus ordusunun vəziyyətinə düşdüyünü göstərir – qorxu, məğlubiyyət, qeyri-müəyyənlik və qaranlıq gələcək. Odur ki, yaxın zamanda Rusiya valyutasının da Ukraynadakı işğalçı ordunun müdafiə xətləri kimi çökəcəyi ehtimalı olduqca yüksəkdir…
C.Məmmədov
“AzPolitika.info”