Azərbaycan İtaliyadan təyyarələr alır
Azərbaycan İtaliyadan təyyarələr alır.
Azərbaycan Müdafiə Nazirliyi “C-27J Spartan” təyyarəsinin tədarükünə dair İtaliya tərəfi ilə müqavilə imzalayıb.
“C-27J Spartan” təyyarələri “Leonardo” kompaniyasının istehsalıdır və mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü beynəlxalq təcrübədə doğruldub.
“Leonardo” kompaniyası bildirib ki, Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirliklərinin yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub.
“İlkin olaraq enerji sektoru ilə əlaqəli olan İtaliya-Azərbaycan arasındakı əməkdaşlıq İtaliya Müdafiə Nazirliyinin işçi qrupunun verdiyi dəyərli töhfə sayəsində indi müdafiə sənayesi məhsullarının tədarükü istiqamətində də genişlənir. Ən çətin əməliyyat ssenarilərində uzun illər sübut edilmiş təcrübəyə malik olan “Leonardo”dan “C-27J”nin alınması proqramı İtaliya və Azərbaycan Müdafiə Nazirlikləri arasında keçirilən texniki müzakirələrin nəticəsidir. Bu Müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının tərkib hissəsidir”, – deyə İtaliya şirkəti yaydığı məlumatda bildirib.
Ən çətin coğrafi relyef və əməliyyat şəraitində özünü sübut etmiş “C-27J Spartan” təyyarələri genişçeşidli müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirməyə qadirdir. Bu, hərbi nəqliyyat missiyaları, paraşütçülərin və materialların havadan atışları, taktiki qoşun dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ideal hesab olunur.