Kadırov ifşa etdi – İrandan sonra Çin də…
Rusiyada ilk dəfə olaraq Çin hərbi texnikası “China Tiger” zirehli maşınları nümayiş etdirilib. İddiaya görə, bunlar çeçen xüsusi təyinatlılarına (“Axmat”) verilib.
Bu barədə “Defence Express” məlumat yayıb.
Çeçenistan lideri Ramzan Kadırov iyunun 6-da “Axmat” üçün ayrılmış hərbi texnika partiyası ilə bağlı video yayımlayıb. Videoda 8 ədəd “China Tiger” qeydə alınıb.
Əvvəllər Rusiyada Çin texnikaları görünməyib. Məlumata görə, ruslar Çinin “Shaanxi Baoji Special Vehicles” şirkəti tərəfindən istehsal olunan “China Tiger” texnikalarını əldə ediblər.
Çin hərbi maşınlarının Rusiyaya necə gətirildiyi hələlik məlum deyil. Bu, üçüncü ölkələr və ya birbaşa tədarük vasitəsilə baş verə bilər. “China Tiger” Tacikistan da daxil olmaqla, Afrika və Mərkəzi Asiyanın bir sıra ölkələri tərəfindən alınıb.
“China Tiger” zirehli maşındır. Texnika 115 km/saat sürətlə hərəkət edə bilir, güllə və partlayıcı maddələrə qarşı davamlıdır.
Fevral ayında ABŞ-ın kəşfiyyat rəsmiləri CNN-ə bildiriblər ki, Çin açıq şəkildə özünü “sülh tərəfdarı” adlandıraraq ikili oyun oynayır, eyni zamanda, Rusiyaya ölümcül hərbi yardım göstərmək qərarına yaxındır.
“Politico” isə iddia edir ki, Çin şirkətləri Rusiyaya 1000 avtomat və hərbi məqsədlər üçün istifadə edilə bilən digər avadanlıq, o cümlədən dronlar və zireh hissələri göndərib.
Artıq İran və Şimali Koreyanın Rusiyaya silah göndərdiyi təsdiqlənib. Rəsmən təsdiqlənsə, Çin də bu sıraya qoşulacaq.