“Qaçqınkom” Hesablama Palatasının aşkarladığı maliyyə pozuntularına aydınlıq gətirib

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Hesablama Palatasının qurumda apardığı auditin nəticələrinə münasibət bildirib.

Dövlət komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il Hesablama Palatası tərəfindən aparılan və 2020-2022-ci illəri əhatə edən audit nəticəsində büdcə vəsaitindən düzgün istifadə edilməməsi ilə bağlı müəyyənləşən hallar, əsasən, məcburi köçkünlərə verilən vahid aylıq müavinətlə bağlıdır.

Qeyd olunub ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda ilə tənzimlənir:

“Audit həmin Qayda ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığını, müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmadığını müəyyənləşdirib.

Audit rəyində istifadəsi düzgün sayılmayan məbləğin əsas hissəsini, yəni 70,6 faizini (14,2 mln. manat) sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, 22,4 faizini (4,5 mln. manatı) isə dövlət qulluğunun xüsusi növündə xidmət etdikləri dövrdə məcburi köçkünlük statusuna malik şəxslərə ödənilmiş vahid aylıq müavinət təşkil edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zaman vahid aylıq müavinət almış məcburi köçkünlərin 49,4 faizi (7338 nəfər) 2020-2022-ci illərdə müxtəlif vaxtlarda sahibkarlıq fəaliyyətini dayandırıb, dövlət qulluğunun xüsusi növündə xidmət edən və həmin dövrdə müavinət alan məcburi köçkünlərin isə, ilkin məlumatlar əsasında, 53,6 faizinin (1579 nəfər) 2020-2022-ci illərdə müvafiq vaxtlarda dövlət qulluğunun xüsusi növündə xidməti fəaliyyətinə xitam verilib. Hər iki hal, mövcud qaydalara uyğun olaraq, cari dövrdə həmin şəxslərin vahid aylıq müavinət almaq hüququnun bərpa edilməsi ilə nəticələnib. Məlumat üçün bildiririk ki, məcburi köçkünlərə verilən vahid aylıq müavinətin ödənişinin operativliyini təmin etmək və bu sahədə idarəetmənin optimallaşdırılması məqsədilə 2022-ci ildə “Elektron hökumət” portalında müvafiq informasiya sistemi yaradılıb. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar kimi məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan vəsaitlərdən səmərəli istifadə edilməsi, bu sahədə fəaliyyətin optimallaşdırılması, effektivliyinin artırılması komitənin əsas vəzifələrindəndir və vahid aylıq müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınması barədə auditin tövsiyələri bundan sonra da yerinə yetiriləcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password