Növbədə Zaporojye AES-dir? – “Mümkün Zaporojye fəlakəti ən çox bu 3 bölgəyə təsir edəcək”
Son günlər Ukrayna rəsmiləri Kaxovka su elektrik stansiyasını partladaraq, ekoloji terrora səbəb olan Rusiyanın növbəti hədəfinin Zaporojye Atom Elektrik Stansiyası (AES) olacağıyla bağlı fikirlər səsləndirirlər.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Vladimir Putinin növbəti addımı Zaporojye AES-ə hücum ola bilər. O, bunun nüvə fəlakətinə səbəb olacağıyla bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Zaporojye – Avropanın ən böyük Atom Elektrik Stansiyası hesab olunur. AES iyunun 6-da baş verən partlayışlar nəticəsində ciddi zədələnmiş Kaxovka bəndinin təxminən 80 mil yuxarısında yerləşir. Ukrayna rəsmilərinin sözlərinə görə, Zaporojyenin nüvə reaktorlarını su ilə təmin edən Kaxovka SES-in dağıdılması daha böyük fəlakətə səbəb ola bilər.
Royal United Services Institute analitik mərkəzinin əməkdaşları – Darya Dolzikova və Cek Uotlinqin “Daily Mail” nəşrinin Zaporojye AES-la bağlı bir sıra suallarını cavablandırıblar.
Rusiya Zaporojye AES-i partlada bilərmi?
– Bəli. Bu, Avropanın ən böyük AES-dır. Zaporojye AES hazırda Rusiya tərəfindən işğal edilən ərazidə yerləşir. Eyni zamanda, zavodun daxilində rus qoşunları yerləşdiriliblər. Güman edirik ki, onlar bu ərazini minalayıblar və reaktorun binalarında və ətraflarında döyüş sursatı və partlayıcı maddələr var. Ukraynanın nüvə enerjisi agentliyinin məlumatına görə, bu ilin aprelində dördüncü nüvə reaktorunun maşın otağının yaxınlığında rus ordusuna məxsus mina partlayıb. Ukraynanın əks-hücum təhdidləri artdıqca, zavod ərazisinə daha çox rus bölməsi köçürülüb. Onlar burada müdafiə mövqeləri qurublar. Hazırda zavodda mülki işçilərdən daha çox hərbçi var. Buna görə də Rusiya qüvvələri istənilən an ərazidə ya qəsdən, ya da təsadüfən partlayış törədə bilərlər.
Rusiya zavodu partladacaqmı? – Potensial var. Ukraynadakı işğala görə məsuliyyət daşıyan Rusiya rəsmiləri belə düşünürlər. Onlar əvvəlcədən bu cür hücumla bağlı xəbərdarlıq edərək, istənilən fəlakətdə Kiyevi günahlandırmaq üçün özlərini sığortalayıblar. Lakin hazırda Moskvanın zavodda təxribat törətmək qərarına gəldiyinə dair heç bir əlamət görmürük. Amma o da aydındır ki, Kremlin hərbi planlarında bu variant hər zaman masada olacaq.
Rusiya zavodu niyə partlatsın?
– Əgər Ukrayna qoşunları cənubda Rusiyanın müdafiə xətlərini keçib, irəliləyə bilsə bu zaman Rusiya zavodda təxribat törədərək bu irəliləyişi yavaşlatmağa və ya dayandırmağa çalışacaq. Zavodun partladılması Ukrayna qoşunlarının hücumunun qarşısını alacaq. Onlar bir neçə böyük şəhərə təsir edəcək bu fəlakətlə mübarizə aparmağa məcbur olacaqlar. Zərbənin təsiri Ukrayna qoşunlarının gələcək hücum hədəfləri üçün irəliləmə yollarını da tamamilə dəyişdirə bilər. Yaxud Rusiya partlayış törətməyərək, başqa bi varinta da əl ata bilər. Onlar nüvə reaktorlarının soyutma sistemlərinin enerjisini kəsərək, Ukrayna qoşunlarının istiqamətini dəyişdirə bilərlər. Və ya Rusiya AES-i məhv edəcəyi ilə hədələyərək, Ukraynanı döyüş planlarını dəyişməyə məcbur edə bilər.
Fəlakətin nəticələri nə olacaq?
– Zaporojyedəki fəlakətin təsiri çox güman ki, Fukuşima AES-dəkı qəzaya oxşar olacaq. Həmin hadisədə zəlzələ və sunami Yaponiya zavodunda bir neçə reaktorun əriməsinə və saxlama binalarından birində partlayışa səbəb olmuşdu. Mümkün Zaporojye fəlakəti ən çox 3 bölgəyə təsir edəcək. Müharibədən əvvəl 115 min əhalisi olan Nikopol şəhəri ən çox zərər görəcək yaşayış məntəqəsi oalcaq. Çünki bu bölgə zavoda təxminən 10 mil məsafədə yerləşir. Zaporojye şəhərinin özü isə zavoddam 35 mil məsafədədir. Burada müharibədən əvvəl 750 min insan yaşayırdı. Üçüncü təhlükəli bölgə isə 70 mil məsafədə və 1,5 milyon əhalisi olan Dnepr şəhəridir. Digər tərəfdən, belə bir fəlakətin baş verməsi Rusiya tərəfindən işğal olunan Ukrayna əraziləri başda olmaqla, Rusiyanın özü üçün də böyük təhlükə ehtiva edir”. /azpolitika.info