Ərdoğanın yeni hədəfi – “Plan hazırdır, Azərbaycanda…”
“Türkiyənin yeni hökumətinin tərkibinə diqqət etdikdə, üzvlərinin hər birinin “hücumçu” olduğunu söyləmək olar. Necə deyərlər, ən yaxşı müdafiə hücumdur”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, iqtisadiyyat, maliyyə, xarici siyasət, maliyyə, hərbi və kəşfiyyat sektorlarının başlarına gətirilən şəxslərin hər biri öz sahəsində kifayət qədər təcrübəyə malikdir:
“Qarşıdakı dövrdə Türkiyənin xüsusən də iqtisadiyyat, xarici siyasət, hərbi və kəşfiyyat sahələrində daha ciddi uğurlara imza atacağını gözləyirəm. Regional aktordan qlobal gücə çevrilmək yolunda irəliləyən Türkiyənin bu istiqamətdəki hədəfinə çatacağını düşünürəm. Bu sahələrə gətirilənlərin bu yöndə ciddi fəaliyyətləri olacaq.
Nəhayət, Türkiyə iqtisadiyyatı və maliyyə-bank sektorunda gözlənilməz inkişafın şahidi ola bilərik. Hazırda lirənin dollar qarşısında enmə trendi müvəqqətidir.
Xarici siyasət kursuna gəlincə, xarici işlər naziri postunun MİT-in keçmiş rəhbəri Hakan Fidana tapşırılması Türkiyənin beynəlxalq müstəvidə söz sahibi olmaq hədəfində yeni və radikal strateji xəttin seçilməsi anlamına gəlir. Fidanın bu posta hazır planlarla gətirildiyinə şübhə yoxdur. Bu müstəvidə Türkiyənin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olması yolunda ciddi məsafənin qət ediləcəyini də proqnozlaşdırmaq olar. Qənaətimə görə, Prezident Ərdoğanın bu dəfəki xarici siyasəti özünün “Dünya beşdən böyükdür” strateji düşüncəsinin həyata keçirilməsinə hesablanıb. Türkiyə liderinin bununla bağlı hazır yol xəritəsinin olduğunu da istisna etmirəm”.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu il 100 illiyini qeyd edən Türkiyəni qarşıdakı beş ildə fantastik sıçrayış dövrü gözləyir:
“Yeni kabinet əvvəlki komandalardan fərqli olaraq daha böyük hədəflərə doğru irəliləyəcək. Bu çərçivədə Türkiyədə fərqli bir güc sisteminin formalaşacağını gözləyirəm. Yaxın Şərq, Balkan, Cənubi Qafqaz, Orta Asiya prioritet olaraq qalacaq. Xüsusən də Türk Dövlətləri Təşkilatının siyasi-mədəni birlikdən hərbi-iqtisadi ittifaqa çevrilməsi yolunda ciddi addımlar görə bilərik. Bura müəyyən zaman aralığında Türkiyənin Azərbaycanda hərbi bazalarının qurulması da daxildir. Daha doğrusu, Azərbaycanda hərbi mövcudluğu olan Türkiyə bunu rəsmiləşdirəcək.
Türkiyə qarşıdakı dövrdə ölkəyə təhdid olan PKK və ona bağlı digər terror təşkilatlarını da tam zərərsizləşdirəcək. ABŞ və ərəb ölkələri ilə münasibətlər də tam normallaşacaq. Bir sözlə, gözümüzün önümüzdə yeni dünya gücü yüksəlir”.