Zatulun Putinin Ukrayna siyasətini yerlə bir etdi – Deputatı buna görə hakim partiyadan qovurlar
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ukraynada keçirilən “xüsusi hərbi əməliyyatın” uğurlarını şübhə altına aldığı, və bu konteksdə verdiyi başqa bəyanatlara görə cəzalandırılacaq.
”Vedemosti” nəşri xəbər verir ki, Zatulin Dumanın bir sıra vəzifələrindən məhrum edilə və “Vahid Rusiya” fraksiyasından qovula bilər.
Deputatın iyunun 1-də verdiyi açıqlamalardan sonra onun barəsində “Vahid Rusiya”da məsləhətləşmələr başlayıb. Müzakirə olunan addımlar arasında Zatulinin Dövlət Duması komitəsi sədrinin birinci müavini vəzifəsindən məhrum edilməsi və fraksiya sıralarından çıxarılması da var.
Bununla belə Zatulinin mandatını itirmək təhlükəsi yoxdur, o, “Vahid Rusiya”nın üzvü deyil və birmandatlı dairədən seçilib.
Xatırladaq ki, Zatulin “Bizə hansı Ukrayna lazımdır?” forumunda verdiyi açıqlamalar sosial şəbəkələrdə və teleqram kanallarında rezonans doğurub. Digər məsələlərlə yanaşı, o qeyd edib ki, qondarma “xüsusi əməliyyatın” – 2022-ci il fevralın 24-də Ukraynaya başlanmış tammiqyaslı işğalın 4 məqsədinin heç birinə nail olunmayıb.
“Hərbi əməliyyatın əvvəlində rəsmi olaraq bəyan edilmiş məqsədlərimiz nə idi? Hamınızın yadındadır – denazifikasiya, demilitarizasiya, Ukraynanın neytrallığı və Donetsk və Luqansk xalq respublikaları sakinlərinin müdafiəsi… Bu məsələlərin hansında bu günə kimi nəticələr əldə etmişik? Yox, üstəlik, onların bəzilərinin heç bir mənası yoxdur” – deyə, deputat vurğulayıb.
Onun fikrincə, Ukrayna dövlətinin mövcud olduğu təqdirdə Kiyevin neytrallığı tələbi tamamilə mənasızdır. Zatulin əmindir ki, Kiyev öz mövqeyində qalacaq, çünki aldığı dəstək sayəsində bunun təmin edə biləcək.
Zatulinin sözlərinə görə, müharibənin əvvəlində Rusiya hakimiyyətinin qurduğu plan açıq şəkildə iflasa uğrayıb.
“Plan ondan ibarət idi ki, bizim güclü zərbəmizdən sonra Ukrayna dövləti qısa müddətdə dağılır və Minsk razılaşmalarında nəzrdə tutulanlardan daha çox şeyləri qurban vermədən əldə etmək mümkün olur. Mən indi bu planı formalaşdıran insanlarla hesablaşmaq istəmirəm, lakin hər halda onun baş tutmadığı hamıya aydındır”, – Zatulin bildirib.
Zatulin onu da qeyd edib ki, Rusiya Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı öz qərarını belə yerinə yetirmək iqtidarında deyil: “Biz heç vaxt Zaporojye şəhərinə daxil olmamışıq, eyni zamanda Xerson şəhərindən çıxmışıq”.
“Vedemosti” yazır ki, bu cür fikirləri bəzən Rusiya hakimiyyətinə sadiq olan publisistlər də dilə gətirir, lakin Dövlət Dumasının hazırki deputatlarının ağzından nadir hallarda eşidilir. Bundan əvvəl Zatulin artıq diqqəti cəlb edərək bildirib ki, Xerson və Zaporojye vilayətləri mübahisəli ərazilərdir.
Qeyd edək ki, Rusiya qanunları həmin ərazilərin Rusiyaya məxsus olmasını tələb edir. İşğal faktı beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və sözgedən ərazilərin bir hissəsi Ukraynanın nəzarəti altındadır.
Zatulin bazar ertəsi “Moskva” radiosuna deyib ki, o, münaqişə barədə heç nə bilmir və onun sözlərini kontekstdən çıxara bilər. Bununla belə o, “xüsusi hərbi əməliyyatın” qarşıya qoyduğu məqsədlərə hazırda nail olunmadığını etiraf edib. /azpolitika.info