Türkiyə iqtisadiyyatı, görün, kimə etibar edildi
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ötən gün Nazirlər Kabinetinin yeni tərkibini elan etməsindən sonra ən çox müzakirə edilən isimlərdən biri də Mehmet Şimşəkdir.
Yeni maliyyə və xəzinə naziri Mehmet Şimşəyin gəlişi ilə ciddi dəyişikliklər olacağı gözlənilir.
Bildirilir ki, Mehmet Şimşək əslində Ərdoğan komandasının üzvü olub, 2007-2009-cu illərdə maliyyə naziri, 2009-2015-ci illərdə isə iqtisadiyyat naziri vəzifəsini daşıyıb. Onun iqtisadiyyata rəhbərlik etdiyi zaman Türkiyə iqtisadiyyatının ən güclü dövrü sayılır.
2015-ci ildə Qaziantepdən millət vəkili olaraq təkrar seçilib, 4 noyabr 2015-ci il tarixində Əhməd Davudoğlunun Baş nazir olduğu kabinetdə Baş nazirin müavini vəzifəsini alıb.
2016-cı ildə Davudoğlunun istefasının ardından Binəli Yıldırımın qurduğu hökumətdə də yer alıb, ancaq 2018-ci ildə İqtisadi Koordinasiya Qurumuna rəhbərlik ondan alınıb və Yıldırıma verilib. Bununla da komanda ilə yolları ayrılıb.
Mehmet Şimşək son illər dünyanın böyük şirkətlərdə məsləhətçi, idarəedici kimi çalışıb. Dünya miqyasında ən bacarıqlı iqtisadçılardan biri kimi tanınır.
Daha bir maraqlı məqam isə 1967-ci il təvəllüdlü (56 yaş) Mehmet Şimşəyin kürd kökənli olmasıdır. O, Türkiyə ilə bərabər ABŞ və Böyük Britaniya vətəndaşıdır./axar.az