Nikol Ankaraya ona görə getdi ki… – Ekspert
Türkiyənin Paşinyanı andiçmə mərasiminə dəvət etməsi, Ermənistan Baş nazirinin isə dəvəti qəbul edib mərasimə qatılması çox yaxşı, pozitiv addımdır.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Ermənistan Baş naziri Nikol Paşinyanın Ankaraya səfəri və Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması haqda qeyd edib.
O bildirib ki, bəzi Ermənistan saytları və sosial şəbəkə istifadəçiləri bu səfərə görə Paşinyanı təhqir edirlər, ən “pis söyüş” kimi də ona “türk” deyirlər:
“Cəmiyyətin bir qismi hələ də 90-larda, o zaman bizdə olan və ölkəni məğlubiyyətlərə aparan “oturmayan ermənidir” havasındadır – bədbəxtdirlər. Anlamırlar ki, Paşinyanın sülh çağırışları, addımları onların Ermənistan dövlətinin xəritədən silinməməsi üçün bəlkə də son şansıdır. Çünki ağa-babaları olan, 200 ildir onları hər cür istifadə edən Rusiya imperiya kimi son sancılarını yaşayır. Ermənistanın gələcəyi, təhlükəsizliyi ilə bağlı zəmanəti isə ancaq Türkiyə və Azərbaycan verə bilər – Paşinyanın komandası bunu anlamağa başlayıblar”.