Sülh sənədi ilə bağlı iki vacib şərt: Qarabağ və anklavlar…
1975-ci ilin hərbi xəritələrində Azərbaycanın keçmiş sovet dövrünə aid ümumi sərhədləri əks olunub. Amma burada bəzi məqamlar Azərbaycan üçün üstünlük təşkil edir. Konkret olaraq sərhədlərlə bağlı detallar isə delimitasiya prosesində müəyyən olunacaq.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, ümumiyyətlə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişində iki mühüm məsələ mövcuddur:
“Bu, ilk növbədə Qarabağ məsələsidir. May ayında Ermənistan tərəfindən verilmiş bəyanatlarda konkret olaraq Azərbaycan ərazisinin 86,6 min kv km səviyyəsində tanındığı göstərilib. Eyni zamanda imzalanacaq sülh sazişində ikinci mühüm məqam anklavlarla bağlıdır”.
Mərkəz sədrinə görə, anklavlar Azərbaycan üçün çox vacibdir:
“1975-ci il xəritəsində anklavlarla bağlı məsələ öz əksini tapıb. Amma bu məsələnin necə həll olunacağı gündəmdədir. Burada erməni tərəfinin anklavlarla bağlı da yanaşması var. Sözsüz ki, bu məsələ delimitasiya prosesində həll olunmalıdır”.
Fərid Şəfiyev hesab edir ki, burada ən başlıca şərt Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanmasıdır:
“Bununla bağlı müəyyən problemlər olsa da dinamika ümumilikdə müsbətdir. Ona görə də, yekun sülh sənədinin nə vaxt imzalanacağını söyləmək çox çətindir. İyulda Brüsseldə gözlənilən görüşlə bağlı müəyyən proqnozlar var. Amma ümumilikdə burada başlıca problem ermənilərin Qarabağda müəyyən bir beynəlxalq inistutlaşma mexanizmi yaratmaq istəyidir ki, Azərbaycan buna qəti şəkildə razı deyil”./teleqraf.com