Azərbaycan vətəndaşının həbsi: İranın nüvə faylı, təhdidləri
Almaniyadan İrana gedən, fevral ayında orada itkin düşdüyü bildirilən Azərbaycan vətəndaşı Fərid Səfərli barədə yeni məlumat üzə çıxıb – dörd aydan sonra bilinib ki, sən demə, o həbs edilib.
İran bir vaxtlar, məsələn, 2008-ci ildə qondarma ittihamlarla azərbaycanlı alim Rəşid Əliyevi də həbs etmişdi, deməli, Tehran həmişə azərbaycanlıların səfərini diqqətlə izləyib və onların marşrutu İran xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb.
Fərid Səfərlinin casusluq ittihamı ilə saxlanılması İranın kəşfiyyat qrafikinə və kvotasına uyğun gələn davranışdır, yəni ali rəhbərə qarşı barışmaz hərəkatın başlaması fonunda Tehran xarici agent arayır.
İran guya öz aləmində Azərbaycanın təhlükəsizlik orqanlarının molla rejiminin ölkədəki şəbəkəsinə qarşı keçirdiyi əməliyyatlara cavab verir, Bakı-Tehran gərginliyini fürsət bilərək xarici ölkə vətəndaşını saxlayır və onun İrana girişini casus əməli kimi tövsif etməyə çalışır.
İran, ümumiyyətlə, təkcə Azərbaycan vətəndaşlarına qarşı deyil, başqa ölkələrdən gələn turistlərə də eyni gözlə baxır, onları izləyir, axırda da tutur və informasiya məkanını blokadada saxlamaq üçün məlumatlar çıxarmır.
İran üçün informasiya cəbhəsini dondurmaq xətti molla rejiminin qoruyucu detalıdır, hərçənd, başqa ölkələrin kəşfiyyatları, bəlkə də, Tehrandan daha çox bilgiyə sahibdir.
İranın kəşfiyyat doktrinası tez-tez ifşa edilir, bununla da dünya üzrə israilli iş adamlarının, molla rejiminə dissident olanların, rəqib ölkələrin ictimai-siyasi xadimlərinin qətlə yetirilməsi, oğurlanması planının memarları tikdikləri daşın altında qalırlar.
Deməli, İran rejimi dissidentlərə qarşı cihadı idarə edə bilmir, hər planı iflasa uğradıqca daha primitiv üsullarla məqsədinə çatmaq istəyir.
Bu rolda İran kəşfiyyatının ali hərəkətverici qüvvəsi SEPAH-dır, o, kəşfiyyat, nəhəng iqtisadi, siyasi təsirlər imperiyası yaradıb, hərçənd, son illərdə uğur yolu onlar üçün qapanıb.
Kim hansı məqsədə etiqad edir, kimə təqlidi özünə ali məram sayır – özü bilər, ancaq gün kimi aydındır ki, İrandakı qaranlıq fəaliyyətlər ali rəhbərliyin müəyyən etdiyi siyasətin nəticəsində meydana çıxır.
Casus axtarışları İranın nüvə faylına qarşı beynəlxalq müqavimətin, ölkədə etirazların və idarəetmədəki qütbləşmələrin yüksəlişi vaxtında “ölkəni xarici düşmənlər qarışdırırlar” fikirlərini təlqin etməyə xidmət edir.
İranın nüvə silahı əldə etməyə yaxınlaşması – uzunmüddətli regional gərginliyin qalması deməkdir. O başqa məsələ ki, başqa nüvə dövlətlərinin hüquqlarına Tehran da istinad edə bilər, lakin məsələ bunda yox, regional təhdidlərin çoxalmasındadır.
Hər bir halda, daxildəki “xain ovu”, bunun xaricdəki “idarəedicilərini” axtarmaqla İranın regional ambisiyalarını birləşdirəndə, Tehranın təhdidləri haqqında genişmiqyaslı təsəvvürlər yaranır.
Fərid Səfərlinin həbsi beynəlxalq konyunkturdakı dəyişikliklər fonunda Azərbaycanın strateji yüksəlişinə cavabdır, amma effektiv deyil.
İran Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün gördüyü işləri intensivləşdirməsindən narahatdır, Tehran nüvə faylı fonunda regionda qarışıqlığı təhrik edəcək addımlardan çəkinməyəcək.
Ancaq Azərbaycan Fərid Səfərlinin azad edilməsi ilə bağlı işlərini davam etdirəcək, əgər o, dəmir barmaqlıqlar arasından çıxsa, Bakı-Tehran siyasi münasibətlərində yumşalma müşahidə edilə bilər./oxu.az