“Putinin aşpazı” və Kadırov arasında savaş – “Sağ əli” ilə hesablaşmağa çağırdı
Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Dəlimxanov “Vaqner” qrupunun lideri Yevgeni Priqojinə sərt cavab verib.
Deputat “Vaqner” liderinə fikir ayrılıqlarını üzbəüz həll etməyi təklif edib.
“Jenya, “Axmat” bölməsinin nə etdiyini anlamırsan, anlamayacaqsan da”, – Dəlimxanov deyib.
Onun sözlərinə görə, “Axmat” Ali Baş Komandanın (Vladimir Putin) qarşıya qoyduğu tapşırıqları yerinə yetirəcək. Eyni zamanda o, Priqojini Baxmutda çoxlu sayda hərbçinin ölümündə ittiham edib.
“Artıq bloqqerə çevrilmisən, bütün dünyanın gözü önündə qışqırıb-bağırırsan ki, problemlər var, sursat yoxdur və sair. Hamımıza məlumdur ki, 7-8 ayda Baxmut istiqamətində nə qədər həlak olub, lider siz idiniz də. Çətin günlər oldu, amma bütün çətinliklərə baxmayaraq, Müdafiə Nazirliyi, Rusiya Qvardiyası, Donetsk Xalq Respublikası (qondarma) və bütün birləşmələrlə birlikdə problemimizi həll etdik, amma o, bütün dünyaya “həll etmək mümkün olmayacaq” deyə qışqırırdı. Amma biz çətinliklərdən, problemlərdən, nəyinsə çatışmamasından danışmadıq. Buna görə də artıq bəsdir – nə danışın, nə də qışqırın. Görüşəcəyimiz yeri deyin, üzbəüz istənilən məsələni həll edək”, – Dəlimxanov söyləyib.
Yevgeni Priqojin (ləqəbi “Putinin aşpazı”) bir neçə dəfə “Vaqner”i 10 aya yaxındır uğursuz mübarizə apardıqları Baxmutdan geri çəkməklə hədələyib. Eyni zamanda Rusiya Müdafiə Nazirliyini sursat verməməkdə ittiham edib.
Mayın 5-də bu səbəbdən “Vaqner”in mayın 10-da Baxmutdan çıxacağını, yerini “Kadırovun TikTok qoşunları”nın tutacağını açıqlamışdı.
Mayın 7-də Çeçenistan lideri Ramzan Kadırovun Rusiya Prezidenti Vladimir Putinə döyüşçülərini Baxmuta göndərmək xahişi ilə bağlı müraciəti yayılıb. Mayın 31-də isə “kadırovçular”ın Donetsk vilayətinə göndərildiyini açıqlayıb./teleqraf.com