Ərdoğan hazırlığa başladı – Hədəfi göstərib hərəkətə keçdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ildə keçiriləcək bələdiyyə seçkiləri üçün hazırlığa başlayıb.
Bu barədə ABŞ-ın “CNN İnternational” telekanalı bildirib.
Kanal Prezident Ərdoğanın ikinci tur seçkisindən sonra İstanbulda qələbə nitqindəki bu sözlərini sitat gətirib:
“İndi qarşıda bizi 2024-cü il gözləyir. İstanbulu qazanmağa hazırsınız? Dayanmaq yoxdur”.
Türkiyə lideri son çıxışında da müxalifətin vədlərinin yalnız seçkilərə girmək üçün verildiyini deyərək müxalif cameəni tənqid edib:
“Ondan çox böyük şəhərdə bələdiyyə sədrləriniz var. Bəs İstanbulda nə əldə etdilər? Ankarada? İzmirdə? İstanbulda və Ankarada yaşayıram. İzmiri də yaxından izləyirəm”.
ABŞ kanalı qeyd edir ki, İstanbulun strateji əhəmiyyəti ilə yanaşı, Ərdoğan üçün şəxsi dəyəri də var: “Doğulduğu və siyasi karyerasına başladığı yer buradır. Bir iqamətgahı da bu şəhərdədir”.
CNN-in materialında meqapolisin önəmindən belə bəhs olunur:
“Vaxtilə Osmanlı İmperiyasının paytaxtı olan İstanbul bu gün Türkiyənin ən böyük və ən çox əhalisi olan şəhəridir. Ölkənin iqtisadi güc mərkəzidir və təxminən 16 milyon insanın evidir.
Şəhəri 25 il əvvəl Ərdoğanın üzvü olduğu Rifah Partiyası, sonra isə AKP idarə edib. Ərdoğan 2003-cü ildə baş nazir olana qədər 1994-1998-ci illərdə İstanbulun bələdiyyə sədri olub”.
Kanalın iddiasına görə, gələn il keçiriləcək bələdiyyə seçkilərindən əvvəl müxalifət İstanbulda zəif mövqedədir:
“Əgər müxalifət partiyaları son seçki məğlubiyyətindən sonra çox rasional və strateji şəkildə toparlana və əməkdaşlıq edə bilməsələr, bəzi müxalifət seçiciləri məyus olaraq siyasətdən tamamilə uzaqlaşa bilərlər”.