Ərdoğan üçün növbəti beş il: Türkiyə-NATO əlaqələri hansı qiyməti alacaq?

 

Rəcəb Tayyib Ərdoğanın növbəti beş il üçün prezidentliyi dövründə Türkiyənin üzvü olduğu NATO ilə münasibətlərinin necə prioritetləşdirilməsinə bir neçə amil təsir edəcək.

İnanmaq çətindir ki, Ankara əvvəlki illərdəki kimi, Rusiya ilə NATO arasındakı balanslı siyasətlə göstərdiyi əzəmətli yüksəlişini aşağı salsın. Ancaq Türkiyə Alyansın üzvü olduğu üçün onun təhlükəsizliklə bağlı ümumi narahatlıqlarına məhəl qoymağı üstün tutacaq.

Türkiyə ilə NATO əlaqələrinin dinamikasındakı təhlükəsizlik çalarları müştərək maraq qismindədir, Ankaranın Qara dəniz regionunda stabilliyin pozulmamasından tutmuş, Cənubi Qafqaz, Mərkəzi Asiyaya doğru uzanan zolaqdakı rolları NATO üçün əla fürsətdir.

Türkiyənin Rusiya ilə əlaqə yollarına mina döşəməsini də düşünmək olmaz, əksinə, Ərdoğan idarəetmədə sükanı əldə saxladığı beş ildə Moskva ilə əlaqələrdə daha təkmil formatların bərqərar olmasına çalışacaq.

Türkiyənin NATO ilə münasibətlərinin tonunu qaraldan amillərdən biri məhz Ankara-Moskva müştərək strateji tərəfdaşlığıdır, bu hal əlaqələrdə bir sıra problemlər çıxarır.

Ankara Rusiya-Ukrayna müharibəsinin həllində etibarlı vasitəçi olmağa cəhdlər göstərir, yuxarıda qeyd etdiyimiz məsələyə rəğmən, bu, NATO-nu qane edir.

Ərdoğan idarəetmənin sükanı arxasında xaricə baxışını eyni balansla nümayiş etdirəcək, hətta Moskva-Kiyev arasında daha effektiv moderatorluğa çalışacaq, hərçənd bu, NATO-nun maraqlarından çox, Türkiyənin strateji yüksəlişinə hesablanacaq mövqedir.

NATO ilə münasibətlərin rəngini bulanıqlaşdıran başqa amilləri konseptual olaraq aşağıdakı kimi kateqoriyalaşdıra bilərik:

– Alyansın lider dövləti ABŞ Türkiyəyə “F-16”, “F-35” döyüş təyyarələrinin ixracını dayandırıb və bu müddəti uzatmağa çalışır;

– Aralıq dənizində NATO-nun digər üzvləri Fransa və Yunanıstan Türkiyə ilə strateji maraq toqquşması yaşayırlar;

– ABŞ-nin İraq və Suriyadakı siyasəti, PKK-ya dəstək göstərməsi Ankaranın “qırmızı xət”lərini tapdalamaq deməkdir;

– NATO-nun üzvü olan başqa dövlətlər Türkiyəyə qarşı kampaniyanın elementləridir.

Mübahisələrə rəğmən, Türkiyə NATO-nun hərəkətverici mühərriki, NATO isə Türkiyənin təhlükəsizliyinin qarantı olmağa məcburdur – bu, qarşılıqlı ehtiyac yaradır.

Türkiyə NATO-nun genişlənməsinə töhfə verməlidir, lakin Ərdoğan və onun komandasındakı strateji beyinlər bu genişlənmənin regional təhlükəsizlik aurasında hansı fəsadlar yarada biləcəyini təhlil edirlər.

Ankara ona görə də İsveçin NATO-ya üzvlüyünə veto qoymaq rıçaqını əlində saxlayır, Alyans isə Ankaranı inandırır ki, İsveç PKK-ya dəstəkdən imtina edəcək.

Ərdoğan Türkiyənin təhlükəsizliyini əsas tutaraq, ehtimal ki, sövdələşmələr üçün qapını açıq qoyacaq və təsirli olmaq üçün sərt ritorikasını təkrarlayacaq.

Ritorika və təhlükəsizlik narahatlıqları regional və beynəlxalq dinamikaya görə üsul dəyişdirə bilər.

Göründüyü kimi, Türkiyənin milli təhlükəsizliyindən dolayı Qərblə razılaşdırmadan atdığı addımlar, Ankara-Moskva əlaqələri NATO-nun ağrılı yeri olaraq qalmaqda davam edəcək./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password