Ərdoğanın yeni kabinetində kimlər olacaq?

 

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan vitse-prezident təyin edilə bilər.

Bu barədə təhlükəsizlik siyasəti üzrə mütəxəssis Mete Yarar “CNN Türk” telekanalında yayımlanan “Gecə görüşü” proqramında yeni kabinetdə yer alacaq adların müzakirəsi zamanı deyib.

O, Hakan Fidanın nazir və ya vitse-prezident təyin ediləcəyi fikrində olduğunu qeyd edib.

“Xarici İşlər Nazirliyi, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Milli Müdafiə Nazirliyi üçlü bir komanda kimi çalışırlar. Ölkə xaricindəki bir çox görüşlərə birlikdə qatılırlar. Bu görüşlərdə iştirak edənlərin bəziləri fərqli vəzifələrə təyin edilə bilərlər. Hakan Fidanın nazir və ya vitse-prezident təyin olunacağı fikrindəyəm”, – deyə Mete Yarar bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni kabinetin tərkibini şənbə günü açıqlayacağı gözlənilsə də, kulisdə danışılan xəbərlərə görə, Nazirlər Kabinetinin tamamilə dəyişəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının yeni qrup rəhbərliyi müəyyənləşib. Yeni rəhbərlikdə qrup prezidenti Abdullah Gülər, Abdulhamit Gül, Özlem Zengin, Emin Akbaşoğlu, Leyla Şahin Usta və Bahadır Yenişehirlioğlu onun müavinləri təyin ediliblər.

Məlumata görə, xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akarın öz postlarını saxlayacaqları gözlənilir.

Prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın hökumət rəhbərliyinə daxil edilə bilər, onun hansı vəzifəni tutacağı məlum deyil. Bundan əvvəl yerli mətbuatda onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyi ilə bağlı xəbərlər dərc olunub.

Həmçinin Türkiyənin keçmiş baş nazirinin müavini, maliyyə naziri Mehmet Şimşekin Nazirlər Kabinetinə gözlənilən təyinatı haqqında da danışılır.

Mənbə: Hürriyet

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password